Elşən Əzim : - SUSMAQ QIZILDIRSA

Ədəbiyyat 10:00 / 10.06.2025 Baxış sayı: 1532

 

"Danışmaq gümüşdürsə, susmaq qızıldır"

 

Adamı söz üstə baltalayırlar,

Görən doğrayırlar sözü nə üstə?

Dilini qatla qoy altına, bala,

desinlər oturub xəzinə üstə.

 

Susmaq qızıldırsa, yatırımız var,

Amma hər deyəndə zər kara çatmır.

Bir də ki, qədrini kim biləcəkdir,

İndi zər dediyin zərgərə çatmır.

 

Baxtın qarasından, üzün ağından,

Başqa rəngim yoxdur, bərbəzəyim yox.

Susmaq qızıldırsa, as qulağından,

Demə bir zinətim, bir bəzəyim yox.

 

Mən susa bilmədim dindim, danışdım,

Qızılım olmadı, pulum olmadı.

Özgənin yanında kükrədim, coşdum,

Mənim öz yanımda dilim olmadı.

 

deyirsən susmaqdır malım, sərvətim,

deyirsən dilinin ucundan ölmə.

İllərdi ac qalıb susan millətim,

Xərclə bu qızılı acından ölmə.

Susmaq qızıldırsa...