Xəyalə Sevil - Dünən yaxşı deyildim
Ədəbiyyat
09:41 / 20.07.2026
Baxış sayı: 653
Dünən yaxşı deyildim.
Üzü xatirələrə
Səni çox soraqladım.
Heç xəbərim olmadı
Özümün də özümdən,
Bir də gördüm səninçün
Dəli kimi ağladım.
Sonra səhər açıldı,
Gün düşdü şərin üstə.
Qara bulud çəkildi
Bəyaz şəhərin üstdən.
Gördüm ki, nahaq yerə
Özümü incitmişəm,
Mən səndən getməliydim,
Mən özümdən getmişəm.
Səni unutmaq üçün
Bir xeyli səbəb tapdım,
Gördüm ki, bacarıram,
Canımda da təb tapdım.
Dinlədim ürəyimi,
Dedim, görüm nə deyir:
Səni unutmaq olur,
Arada bir tutmasa,
Həsrətin nadincliyi.