SAĞALSIN QƏLBİNİN AĞRIYAN YERİ - İdris Babayev

Ədəbiyyat 20:29 / 20.07.2026 Baxış sayı: 534

 

Allah yazan bəxti atıb çiynimə,

Kölgənə dönmüşəm, durub yanında.

İlişib qalmışam gör neçə ildir,

Kaşkilər, bəlkələr burulğanında.

Hərdən qurtarmaqçün mən birdəfəlik,

Canımı ağrıdan, nalədən, ahdan,

Əl açıb çarəsiz dilənçi kimi,

Ölüm dilənirəm uca Allahdan.

Qonşular nə deyər deyə düşünüb,

Yaşaya bilmədim öz həyatımı.

İndi danışmağa növbə sənindi ,

Dayanma ard-arda düz bayatını.

Nə gələr əlindən de bundan belə,

Ağlayıb göz yaşı tökməkdən qeyri.

Cümədən cüməyə gəl qəbrim üstə,

Sağalsın qəlbinin ağrıyan yeri.

İdris, bil, bu dərdin ən çətin işi,

Qəlbdə yuva qurub deşənəcəndir.

Qılıncla yaranan saxta hörmətin

Ömrü qılınc əldən düşənəcəndir.

16.07.2026