Xəyalə Sevil - Buz kəsilib səndən sonra xatirən
Ədəbiyyat
09:50 / 21.07.2026
Baxış sayı: 236
Buz kəsilib səndən sonra xatirən,
Nə bir gülür, nə ağlayır, biləsən.
Ürəyimin ümidinə qalmışam,
O da səni sayaqlayır, biləsən.
Biləsən ki, nə getməyə yerim var,
Nə qalmağa rahatlığım var mənim.
Üstümə gün kimi düşür, biləsən,
Qaraldır qanımı axşamlar mənim.
"Gəl-gəl"-deyə yellənirdi əllərim, -
Əlim əsə-əsə xatırlayıram.
Baxma yaddaşımın nadincliyinə,
Səni birnəfəsə xatırlayıram.
Buz kəsilib səndən sonra xatirən,
Yerimdəcə qurumuşam don kimi.
Bilirəm e, bu axırdı, bu sondu,
Sən yenə də oxuyarsan "Dön" kimi.