Məmməd Qədir - Ayrılıq.
Ədəbiyyat
12:24 / 21.07.2026
Baxış sayı: 347
Bilirəm yaxındasan,
Gəl görüşək, ayrılıq.
Sevgidən nə qazandıq,
Nə bölüşək, ayrılıq.
Bu nə taxtdı, çıxmısan,
Məni küncə sıxmısan,
Çox nəhənglər yıxmısan,
Nə güləşək, ayrılıq.
Həzm edib çox yolları,
Xaqanları, qulları,
Yamyaşıl vüsalları,
Edib kövşək ayrılıq.
Sökdü, qondardı məni,
Kəsdi, sındırdı məni,
Elə qandırdı məni,
Etmərəm şəkk, ayrılıq.
Biz ki aşiq-ozandıq,
Ümid kimi uzandıq,
Ayrılıb nə qazandıq,
Gəl birləşək, ayrılıq...