Sudabe Servi - PAYIZ ÜRƏYİM

Ədəbiyyat 11:31 / 21.07.2026 Baxış sayı: 386

 

Ürəyim yamanca dolub bu gecə,

Bir azdan hönkürüb ağlayacağam.

Ümidim Allaha qalıb bu gecə,

Dərdimi içimdə saxlayacağam.

 

Ağrıyan qəlbimin nə çəkdiyini,

Özümdən savayı kim biləcəkdir?

Dərd məni yandırıb-yaxsa da belə,

Göz yaşım içimə gömüləcəkdir.

 

Həyat içimdəcə boğur səsimi,

Düzür dərdi-qəmi sinəmə bir-bir

Allah, bu dünyanın dərdin çəkməyə,

Məndə nə can qaldı, nə də ki səbir.

 

Bir ocaq dolusu közə dönmüşəm,

Az qalıb qaynaya gözümdə yaşım.

Hər soyuq baxışdan buza dönmüşəm,

Görən niyə belə ağırdı daşım?

 

Kaş ki, ovudaydı məni göz yaşım,

Kaş sığal çəkəydi dərdimə bir az.

Yağışdan sonrakı aydınlıq kimi,

Payız ürəyimə kaş gələydi yaz...