Ağaevli Əli Hacı -  SƏNƏ

Ədəbiyyat 15:00 / 20.07.2026 Baxış sayı: 632

Dünya soyuq oldu öz istisiylə,

Yanar ocağımdan üşüdüm sənə !

Ağrısın bilmədi söz daşıyanlar,

Solumdan,sağımdan üşüdüm sənə !

 

Torpağa buludlar göydən can verir,

Kötük su içmirsə,gövdə can verir.

Qurunun oduna yaş da can verir,

Bu boş qucağımdan üşüdüm sənə !

 

Suyu yan tərəfə axdı çayların,

Göz yaşım suladı yol çayırlarn !

Yaylığı məndədi ayrılıqların,

Bağlı sandığımdan üşüdüm sənə

 

Dağlar bu dünyanın qədim-yarıdı,

Dərələr bəxtiylə düzdə yarıdı.

Dağlar var,yayda da başında qardı,

Öz könül dağımdan üşüdüm sənə !

 

Sözdən pərdə çəkdim,kimsə görməsin,

Çiçək öldürənlər,söz öldürməsin !

Adına bağ saldım,gözə gəlməsin

Hər gün söz bağımdan üşüdüm sənə !