Ehtiram - İlham - ÜRƏYİNİN BAŞINDA SƏNİN...
Ədəbiyyat
21:40 / 19.07.2026
Baxış sayı: 507
Ən dərin ümmanlar topuğuncadı,
Batım, ürəyinin başında sənin.
Özümü divanə sellər qoynuna
Atım, ürəyinin başında sənin.
Qoy çəkim, bu boyda günahı yuma,
Məni həsrətinin əlində qoyma.
Tək bir istəyim var - bu son arzuma
Yetim ürəyinin başında sənin.
Sallanır gözümdən sırsıra, qırov,
Bu eşqin əlində ömür qovhaqov.
Alışan cismimdən yenə od-alov
Çatım ürəyinin başında sənin.
Dilində nə varsa, danış da, din də...
Olma, Ehtiramın heç vaxt günündə.
Fani deyiləndən varıb gedəndə
Yatım ürəyinin başında sənin.