Vaqif YUSİFLİ :  - Əyalətdə yaşasa da...

YAZARLAR 11:33 / 02.07.2026 Baxış sayı: 441

 (Arif Fərzəlinin 70 yaşına)

 

Qatyanın dibində bir çiçək gördüm –

Gözləri qamaşdı, gördü sehrdi.

Gördü daş deyil, götürüb ata,

Gördü heyvan deyil, gördü quş deyil.

 

Tuşlaya oxunu, çəkə yayını

Qayanın dibində bir çiçək gördü,

Çırtladı çiçəyi, əsdi ürəyi,

Gördü ürəyini sıxan şeirdi

 

Gördü, damarından axan şeirdi.

Atdı yayını,

Götürüb oxunu, gəldi yaxına

Qayanın üzərinə,

var gücüylı basdı.

Ilk şeirini yazdı

“İlk şeir” adlı bu şeirin müəllifi Arif Fərzəlidir. O, bu şeiri iyirmi yaşlarında yazmışdı. Şeiri sehirli çiçəyə bənzədirdi.  Və indi 70 yaşına çatanda da Arif o sehirli çiçəkdən – şeirdən ayrılmayıb. Arif Fərzəli BDU-nu bitirib, uzun illər orta məktəb- Masallının Xırlandalı kəndində müəllim işləyib . Ədəbi aləmdə bir şair kimi tanınıb, sevilib. Əyalətdə yaşasa da, böyük ədəbi mühitdə yeri var.

Arif Fərzəli səksəninci illərin əvvəllərində o gur şeir axınında ədəbiyyata gəldi. Elə bir dövrdə ki, hər zaman olduğu kimi seçilmək, fərqlənmək, öz məxsusi deyim tərzini, dünyaya, həyata poetik görümünü hifz eləmək o qədər də asan deyildi. “Səksənincilər” sırasında istedadlı cavanlar az deyildi və çox keçmədən onların əksəriyyəti poeziyada etiraf olundular – Ağalar Mirzə, Adil Mirseyid, Akif Səməd,Əbülfət Mədətoğlu, Əjdər Ol, Əlisəmid Kür, Ramiz Qusarçaylı, Ağacəfər Həsənli, Nisəbəyim, Namizəd Xalidoğlu, Sabir Sarvan, Səməd Qara-çöp, Məmməd İlqar, Zirəddin Qafarlı, Qəşəm Nəcəfzadə, Zahid Sarıtorpaq, Adil Cəmil, Saday Şəkərli, Mahirə Abdulla, Akif Əhmədgil imzaları bir ədəbi nəslin formalaşdığını sübut etdi. Onlar şeirləri ilə ədəbiyyatda yeni bir SƏS (əlbəttə, bir nəslin SƏSi) yaratdılar. Eyni ədəbi nəslə mənsub olan bu şairlərin mövzuları bir-birinə yaxın olsa da, yazı tərzi, poetik ifadə üsulu bir-birinə bənzəmirdi.

Arif Fərzəli Xudakərim Fərzəliyevin oğludur. Xudakərim müəllim cənub bölgəsində tanınan, sevilən ziyalılardan biri idi və təkcə kənd müəllimi kimi deyil, həm də bir şair kimi tanınırdı. Özü də bəhri-təvil ustası kimi. Əlbəttə, “ot kökü üstdə bitər” və Arifın də şeirə, sənətə meyil etməsində Xudakərim müəllimin böyük təsiri olub.

Arif Fərzəli Vətənini, elini, obasını, kəndini sevən bir şairdir və mənim fıkrimcə, hər hansı şair haqqında söhbətə də elə bu nöqtədən başlamaq lazımdır. Təbiət şeiri də, məhəbbət şeiri də bundan sonra gəlir.

Dilinin ucunda

 ilk sözün nübarı,

çoxdan gözləyirdim

bu baharı.

Çörək desən-çörəyin olar,

su desən-suyun olar,

ana desən-anan olar.

Amma ilk dəfə

vətən de, qızım!

Vətənin olsun-

çörəyin də olacaq,

suyun da olacaq,

anan da olacaq.

Bu şeiri Arf Fərzəli 40 il bundan əvvəl yazıb və bu 40 il ərzində Arifin şeirlərindən Vətən rayihəsi əksilməyib. Vətəndən yazmaq, təbii ki, onu çılpaq və ritorik, şablon ifadələrlə, yavan-yalxı sözlərlə tərənnüm etmək deyil. Əgər özünü Vətənin bir zərrəsi hesab edirsənsə və həm də şairsənsə, yazdığın şeir də Vətənin adına layiq olmalıdır. Arifın birbaşa tərənnüm, vəsf şeirləri yoxdur, o, həmişə mədhdən, tərifdən qaçıb. Vətənin başına gələn fəlakət, tarixin keçmişində yaşanan kədərli olaylar da düşündürüb onu, uğurlar da. “Qanlı şənbə duası” şeirini oxuyuram və oxuduğum 20 yanvar faciəsi ilə bağlı onlarla, yüzlərlə şeirdən bircəsinə belə oxşamır bu şeir:

Səni and verirəm öz qüdrətinə,

Müqəddəs adına and verrəm səni!

Bu qəmi-qüssəni çox görmə mənə,

Alma bu kədərin əlindən məni.

 

Məlhəm istəmirəm səndən, ilahi!

Mənəm, istəmirəm tər-təsəllini.

Alma bu kədəri məndən, ilahi!

Alma bu kədərin əlindən məni.

 

Arif Fərzəlinin şeirləri həyatdan, yaşadığı mühitdən gələn təsirləri, intibaları əks etdirir. Amma təkrar edim ki, Arifın şeiri o zaman uğurlu alınır ki, orada şeirin mahiyyətini təşkil edən, ona ruh və can vcrən bədii təsvir vasitələri öz əksini tapır. Baxın:

Uçqunu, daşqını almaz eyninə,

Almaz qayalarla döş-döşə durar.

Buludu, dumanı geyər əyninə,

Bu kənd şimşəklərə soba yandırar.

Arif Fərzəli bu günün həqiqətləri ilə yaşayan şairdir. Amma “dövranşairi deyil, yenə sovet dönəmində olduğu kimi liderlərə, əmək qabaqcıllarına şeirlər həsr etsin. Bu günün şairi son dərəcə mürəkkəb, təzadllı, xaotik dövrümüzün, amma heç vaxt gələcək haqqında ümidimizi itirmədiyimiz çağımızın həqiqətlərini qələmə almalıdır. Bu həqiqətlərin içində “tənha adamın yuxularından” tutmuş divardan asılmış əsgər şəkillərinə qədər, bugünkü toy bazarının milli adətlərimizin üstünə çökməsindən tutmuş qələmin, sözün müqəddəsliyinə qədər hər şeyi taparsan.

Arif yaşadığı o balaca kənddən dünyaya, kainata, Yerə, Göyə, insan cəmiyyətinə, təbiətə boylana bilir. Və onun şeirlərində sevgi əzəblarını da duya bilərsən:

Sağım durub öz solumu qarğıyar,

Kim girdi ki, özüm girdim araya.

Bu ürəyi, bu taleyi yarıya

Böləmmədim bu sevdanın  yolunda.

 

Oz əlimnən qayçılandım bir ömür,

Qamçıladım-qamçılandım bir ömür.

Bir buluddum, damcılandım bir ömür,

Sellənmədim bu sevdanın yolunda.

Nə üstünə çaxa bildim özümü,

Nə üstündən yığa bildim izimi.

Dədə Kərəm, külün tutsun gözümü,

Oləmmədim bu sevdanın yolunda.

Arif Fərzəli bir neçə ildi ki, səs tellərindən əziyyət çəkir, çətin danışır. Amma şeirlərində mən onun gur səsini eşidirəm. Arif pıçıltıyla danışmağı sevmir, şeirlərində də səssizlik, sükunət hiss eləmədim. Amma bunun əksinə, qışqırtı, bağırtı da yoxdu. SƏS var, Sədavar, həzinliyi də, kövrəkliyi də, etirazı da, sevincini ifadə etməyi də, qəmini bizimlə bölüşməyi də o SƏSdən gəlir. Həyatı, dünyanı, insanlan sevir: “Dünya yaşamalı dünyadı elə, Öpüb oxşamalı dünyadı, qardaş”– deyir.

Masallının Muğan çölündə– Xırmandalı kəndində, hir ocaq başında, nəvə şirinliyində, isti təndir çörəyinin ətrində... və bir də özü üçün yaratdığı və heç bir zaman ayrıla bilmədiyi şeir dünyasında yazır- varadır ARİF FƏRZƏLİ.