Ayaz Arabaçı -Mən bilən bu sözü sonda yazarlar.
Mən bilən bu sözü sonda yazarlar.
Bir səbəb olarsa onda yazarlar..
Sən vida sözünü başda yazmışdın
Əlvida sözünü başda yazmışdın...
Mən vida yerini bomboş saxladım,
Əlvida yerini bomboş saxladım.
Əqrəblər ölmüşdü iş yerlərində,
Zamanın sükunət idarəsində.
Vaxt artıq ölmüşdü beş radəsində.
Qumru nəfəsində, durna səsində.
Sən nəsə yazmışdın bir ayrı ruhda,
Sən nəsə yazmışdın özgə bədəndə..
Sən nəsə yazmışdın çıxıb gedəndə,
Açıb oxumadım, qapalı qaldı-
Boynumda bir eşqin vəbalı qaldı.
Bəlkə də yazmışdın bu da keçəcək,
Mənsiz boğazından su da keçəcək..
Tərk edib uzaşan ömür məhbəsi,
Nə qapı səsiydi, nə ayaq səsi..
Getdin, demədim ki, yoxdu xəbərin.
İnsan bir dəfə yox,hər gün ayrılır.
Olur ayrılığa sürgün ayrılır.
Getdin, demədim ki, yoxdu xəbərin-
Hər səhər yenidən,hər axşam dərin.
Yox indi heç bir şey
məna daşımır.
Çünki sualların cavabı yoxdu
Çünki günahların savabı yoxdu.
Zaman bitirməyə hesablanıbdır,
Tapıb itirməyə hesablanıbdır.
Mən vida yerini bomboş saxladım…
Mən bu ayrılığı sərxoş saxladım.
Sərxoş saxladım ki, aylıb qəfil,
Xəncər saplamasın xatirələrə.
Birtəhər özüyçün yaşasın hərə.
Gecə sübhə kimi yedi bitirdi,
Suallar beynimi elə bir ucdan,
Görəsən nə qədər iş düşər bizə,
Hakim kürsüsündə otursa vicdan,
Mindin yel qanadlı atlara getdin.
Ən dərin ən səssiz qatlara getdin.
Bəlkə sən güc tapıb əlvida yazdın..
Bilmirəm, ancaq-
Mən vida yerini bomboş saxladım,
Əlvida yerini bomboş saxladım...