Aida Adıgözəlin  ŞEİRLƏRİ

Ədəbiyyat 12:55 / 02.07.2026 Baxış sayı: 351

Baş alıb gedimmi, tək, unutmağa?

Bir öz əlin olsun, bir də öz yaxan.

Gəl səni ağlayım, elə ağlayım,

tüklərin ürpərsin, saçın qabarsın

evdə yalan olsun südəmər çağan.

Gecə layla çalam xatirən üstə,

sən də mürgüləyib xumar yatasan.

Axım gözlərindən şirin yuxu tək,

hey məni görəsən başım sinəndə

sübhədək yuxunda bala batasan.

Səhər oyanasan gözün axtara,

yanında kimsə yox, qucağın da boş.

Tavanın ağlayır, yataq cılxa su...

gözlərin böyüyə, ağlın oynaya,

yox, dəli deyilsən, nə də ki sərxoş...

Bütün divarlarda ayrılıq rəsmi,

özündən gedəsən qəşş edib gülüb.

Qaçıb axtarasan yuxularını

başının üstündə bir qadın şəkli,

ürəyi partlayıb gecədən ölüb...

*******

Bir dünya xoşbəxtlik idin

ucub getdin əllərimdən.

Yarım tikili yuvamdın,

qopdun, düşdün millərindən.

Qəlb evimi qəfil caldın,

könlümdə laləzar saldın.

Əlimdə tək ləcək qaldın,

bağca dolu güllərimdən.

Sevda bir zəhərli oxmuş ,

nişangahda hədəf çoxmuş.

Sən demə xəbərim yoxmuş,

sevginin lal dillərindən.

Get, aparsın səni yollar,

aramıza hörsün divar.

Mən də qalan son yadigar,

iz saldığın cöllərindən.

Qoxun qalsın, soluxmasın,

eşq ocağım koruxmasın.

Sən üzr istə, darıxmasın,

sənsiz qalan tellərimdən.

**********

Ah, bu boğuq bürkülər,

can yandıran istilər,

maqnit qasırğaları.

Könül meşələrində

çıxan güclü yanğınlar,

sonunda bir ovuc köz

həzin-həzin tüstülər.

Hər yanğılı gündüzün

sərin günəş batışı.

Gecə səssizliyində

içindəki zülmətlər

ürək döyüntüsünün

nəbz çırpıntısında

gizli həsrət bəstələr.

Ən qəmgin ninnilərdə

çoban tütəyi inlər.

Qor atəşə çırpılar,

ocaq özün yandırar.

Hər yanğının öncəsi,

hər yanğının sonrası,

ah, bu qulağımdakı

şeytan pıçıltısını

andıran sirli səslər.

Aran qızları

Bəlkə də günəşi, istisindəndir,

yaman havalıdır Aran qızları.

Hünər et yaxın dur, qasıb qovursun,

duzlu, yandırandı şoran qızları.

Torpağın ətrini əlində axtar,

üzü göz oxşayar, əsməri rəngi.

Çay istə gətirsin Kürün suyundan,

ah, necə pürrəngi, necə pürrəngi...

Şamama ətirli, yemiş kimi bal,

şah tuta bənzəyir, məti süzülür.

Ay dəliqanlılar, Kür qırağında

gör Aran qızları necə düzülür.

Səhər şəbnəmində yuyub daranar,

saçını sünbüllə buran qızları.

Çox uzağa getmə, yaxında axtar,

ərin qulluğunda duran qızları.

Bu qədər tərifə nöqsanı da var,

yaman qısqanc olur şirin qızları.

Yayın ortasında səni titrədər,

tufanı özündən boran qızları.

...Yaman qəribsədim elim-obamçın,

görən harda qaldı küdrü gəncliyim.

Eh, Bakı, eh Bakı, incimə məndən

elə orda qaldı ömür dincliyim...