Əbülfət MƏDƏTOĞLU - BİR ŞƏKLİN İŞIĞINDA
Onunla yolumuz uzun illər öncə kəsişmişdi. Və bu kəsişmənin də mərkəzində ikimizin ortaq dostu dayanmışdı. Təbii ki, bu ortaqlığın da mayası söz idi, ədəbiyyat idi. Deməli, üçümüz də sözün işığına təkcə cəm olmamışdıq, həm də könül vermişdik, özümüzü o işığa bələmişdik. Oxuya-oxuya, yeni söz havası araya-araya və bir də öz sözümüzün zamanın, cəmiyyətin, oxucunun ruhuna köklənməsi üçün öyrənirdik, yazırdıq...
İllər sürətli, zaman hakim, yaş öz işini görən, həyat da ki amansız. Qayğılar çoxaldıqca, yük ağırlaşdıqca və təbii ki, sözün meydanı hər cür fürsətcil, yad, bəzən də tamam dəxlisiz adamlarla dolanda bir addım geri çəkilmək, həm o meydana, həm də özünə kənardan baxmaq kimi hallar bizdən də yan keçmədi. Özümüzə də, sözümüzə də baxdıq, özümüz haqqında, sözümüz haqqında fikirlər də eşitdik, bir də baxıb gördük ki, yaş öz işini görüb.
Mən erkən, yəni gənclik illərindən tanıdığlm, sözünə və özünə böyük sayqı ilə yanaşdığım, tələbə yoldaşım, dostum Sabir Abdinin vasitəsilə tanıdım Tapdıq bəyi. Mətbuatdan imzasına bələd olduğum bir dəyərli ziyalını kəşf etdim özüm üçün. Oturuşu-duruşu, söhbətləri kimi sözü də sanballı olan Tapdıq bəyin yaradıcılığındakı dağ havası, torpaq bərəkəti könlümü xoş etdi. Xüsusilə onun yurda ocağa bağlılığı, ağır həyat sınaqlarına mərdanə dözümü və nəhayət itirdiyi doğmaları ilə bağlı hıçqırtı ilə yazdığı misralar ruhuma hakim kəsildi. İndinin özündə də Tapdıq bəyin üzündəki nur, sözündəki işıq həmin o kövrəkliyi qoruyub saxlayır.
Hər dəfə onun mətbuatda, eləcə də sosial şəbəkədə oxuduğum yazıları, poeziya nümunələri məni özünə doğru çəkir, öz aləminə aparır, qaytarır ötən illərə. Onda bir daha hiss edirəm ki, özünü və öz sözünü yazan Tapdıq Əlibəyli ədəbiyyatda da yerini tapıb. Yəni o, ədəbiyyatda yeri olan qələm adamıdır. Ona görə də özü də bəyan edir ki, "Şairliyin yaşı olmur"!
Bəri başdan, dostum, deyim:
Xətrinə mən necə dəyim?
Ay əzizim, xanım alim,
Şairliyin yaşı olmur!
Şair özü qocalsa da,
Sözü vaxtdan ucadırsa,
Ömürdürsə uzun, qısa...
Şairliyin yaşı olmur!
Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır...
Şairliyin yaşı olmur!
Nə vaxt gəlsə ilham pərim,
Qantək tutur şairliyim.
Başqa vaxtlar öz dərd-sərim...
Şairliyin yaşı olmur!
İrad etdin ön sözümə,
Varmadın heç son sözümə.
Geyindirmə don sözümə...
Şairliyin yaşı olmur!
Zənnimcə, bu səmimi bəyanatın səmimiyyətinə iynə ucu boyda da şübhə yeri yoxdur. Çünki söz də, onun sahibi də gözümüzün önündədir. Üstəlik, bir gerçəklik də var. Bu gerçəklik də əvvəldə dediyim kimi, Tapdıq Əlibəylinin yaddaşıdır. O, dünənin üstünə xətt çəkmir, dünəndən qopub ayrılmır. Özü ilə gətirdiyi dünəni bu günün işığında yeni çalarda yeni biçimdə biz oxuculara təqdim edir. Məsələn:
Bir vaxt bir ev vardı bağlı-bağatlı...
İndi xəyallarım o evi tikir.
Anam çağırardı həzin bayatı...
Səs susub, yanğısı özünə çəkir.
Atamdan yadigar qalan üç söyüd,
Yayda sərinlərdi həyət-bacanı...
Nənəm səhər-axşam edərdi öyüd,
Mənsə dinc qoymazdım qardaş-bacını...
Bir hissəsini təqdim etdiyim bu şeiri sona qədər oxuyanda artıq şairin yaddaşına və ocağa bağlılığına bir daha heyran oluram. Mən qədim dostumu doğum günü ilə bağlı yazdığım bu kiçik yazımda illər öncə kəsişən yolumuzun nişanəsi olan bir şəkli də oxuculara təqdim edirəm ki, həmin o zamanın xoşbəxtliyini hər kəs duya bilsin. Var ol, Tapdıq Əlibəyli! Yaxşı ki, arxivindən bu şəkli mənə də göndərdin.