Fərhad Tapdıqoğlu - İnsan yaşa dolanda...

YAZARLAR 10:45 / 01.07.2026 Baxış sayı: 493

 

Düşüncələr

İnsan qocalanda-yaşa dolanda yaşı başına qaxınc olmasın.

=

İnsan yaşa dolanda istəyir ki, həmişə gündüz olsun,işıq olsun .Gecələri elə də xoşlamır...

=

Qoca -övladları tərəfindən diqqət görməyəndə "uşaq kimi qoca" deyil,eləcə qocadır .

=

İnsan qocalanda çox şeydən kənar qalır...

Kaş diqqətdən kənar qalmaya...

=

İnsan Allahdan möhləti ən çox yaşlayanda ,qocalanda istəyir,diləyir...

=

Dünyanın ətəyindən yapışmışam...hələ ki,aparır məni ...artıq o yaşdayam...

Dünya əlimi ətəyindən üzüb,nə vaxt buraxa- boşdaya...

=

Qocalıq-müdriklikdir,tarixdir ,ənənədir...

=

İnsan yaşlaşanda ,yəni ömrün qışında üzünə açılan bütün səhərlərdən ( fəsillərdən asılı olmayaraq ) bahar ətri gəlir...

=

Həyatı boyu "xəlbirlənib ,ələnən insanların yaşa dolanda "ələklərinin ələnib, xəlbirlərinin göydə fırlanmasına" təəsccüb etməyin .

=

İnsan yaşa dolub,təqaüdə çıxıb ,işləməyəndə uşaqlaşmasa da, övladları onu uşaq gözündə görürlər...

=

Qocalığının "oğlan çağını " yaşayanlar...

( "Qışın oğlan çağı" deyimini xatırladım )

=

Baxma,uzaqlaşan "ömür qatarımın " dalınca baxma...

Onsuz da bu qatarım gedəcək...gedəcək...gedəcək... və dayanacaq...- yox olacaq...

Bir müddət xatırlanacaq və yavaş-yavaş unudulacaq...

Baxma,baxma mənim "ömür qatarımın " dalınca,baxma...

=

İnsan var yaşa dolur ağsaqqallaşır,müdrikləşir ...

İnsan var qocalır ,köhnəlir,unudulur..

=

Ömrünün payızını,qışını yaşayan insanlar saralmış yarpaqlardır.Bir balaca silkələsən,töküləcəklər...

Dəyməyin onlara,dəyməyin!

Qoyun özləri tökülsün zamanında...

=

Gəncliyini boşuna xərcləyən, bir işə yaramayan insanlardan ,qocalanda müdriklik gözləmək ağılsızlıqdır...

=

Təbii ki,doğuluruq...yaşayırıq ...ölmək üçün...

Amma qocalanda "ölürük" yaşamaq üçün...

=

Yaşlı insanın mümkün olan bir kişik diləyini ,istəyini, xahişini yerinə yetirməyən əzizlərinin onun ölümünə heyfislənəcəyinə inanma!

=

Qocalıb, az-maz pensiya alan,heç yerdə işləməyən insanların Allah nə yaxşı ki,"günlərini" qeyd eləyir...yaşayırlar...

P.S.İşləyındə də iş yerlərində iş günümüzü qeyd edərdilər...

=

Baba-nənələrin nəvələrinin kiçicik istəklərini pulsuzluq ücbatından yerinə yetirə bilməməsi utanvericidir ,xəcalətdir.

İşləməyən ,azacıq pensiya ümidinə qalan baba -nənələr üçün....