Müşfiqə Baladdinqızı : -  Yaxşı ki sən getdin...

Ədəbiyyat 14:48 / 02.07.2026 Baxış sayı: 302

 

Uzaqdan dayanıb baxma, yaxın gəl,

Gəl, sənə danışım dağıntıları.

Bu sınıq qəlbimdən səpələnmisən,

Toplaya bilmirəm qırıntıları.

 

Sən gedəndə yağış yağdı ömrümə,

Çətir xatirələr qorudu məni.

Nifrətdən islanmış libas kimiydin,

Atmaq istəyirdim, yorurdun məni.

 

Gəlişin müəmma, gedişin sirli,

Təyyarə yaddaşı qara qutuydun.

Bəlkə də mən səndən ayılmalıydım,

Bəlkə də əvvəldən sən bir yuxuydun.

 

Dərdim ətəyimdəm aşıb daşanda,

Tutub ətəyimə qısıldı ruhum.

Zaman taleyimə qəbir qazanda ,

Saat əqrəbindən asıldı ruhum .

 

Qurtuluş ən böyük qələbəm oldu,

Qurtuldum boşluqdan, qalmadı izin.

Yaxşı ki, sən getdin, mənim canımdan ,

Sən getdin özümə qayıtdı 'özüm"!