Vaqif Yusifli : - Böyük itki...
Azərbaycan ədəbiyyatına doğurdan da böyük itki baş verdi. Nəyinki ədəbiyyatımıza, bütün xalqımıza...
Onunla bağlı çoxlu xatirələrim var. 1979-cu ilin 26 oktyabrında mən Nizami adına Ədəbiyyat İnstitutunda filologiya elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edirdim. Elçin mənim opponentim oldu. Və həmin rəyini "Ədəbiyyat" qəzetində də dərc etdirdi. Sonralar biz tez-tez görüşürdük: Yazıçılar İttifaqında, ədəbi məclislərdə, "Vətən" cəmiyyətində, Nazirlər kabinetində. Həmişə çalışırdı ki, mənə nədəsə kömək etsin,qayğı göstərsin.Ancaq bizim münasibətlərimiz bu qayğılardan, bu sevgilərdən qat-qat uca idi-bizi ədəbiyyata sonsuz məhəbbət birləşdirirdi. O, başdan ayağa söz adamı idi.
1999-cu ildə mən və qardaşım Cavanşir Yusifli Elçinin yaradıcılığı haqqında "Bu nə sehirdir belə" monoqrafiyasını çap etdirdik. Bir tənqidçi kimi mən Elçinin yaradıcılığı haqqında 10-a qədər məqalə yazmışam. Elçin də mənim tənqidçilik fəaliyyətim haqqında 2 məqalə qələmə alıb. Elçin bizim ədəbi nəslin sözün əsl mənasında hamisi idi. O, təkcə mənim haqqımda yox, İsa Həbibbəylinin, Şirindil Alışanlının, Vilayət Quliyevin, Nizaməddin Şəmsizadənin, Kamal Abdullanın kitabları və yazıları barədə məqalələr yazıb və bizi ruhlandırıb.
O, çoxcəhətli yaradıcılığa malik idi. Təkcə Azərbaycan miqyasında deyil, keçmiş SSR və dünya miqyasında tanınmış nasir idi. Onun dram əsərləri teatrlarımızın repertuarında həmişə yer tutub. Elçin həm də müasir Azərbaycan tənqidinin görkəmli nümayəndəsi idi. Biz Elçini yalnız fiziki mənada itirdik. Onun əsərləri, həmişə yaşayacaq. Atası İlyas Əfəndiyevin əsərləri kimi...