Xatirə Fərəcli- BURAX GEDİM

Ədəbiyyat 08:10 / 08.12.2025 Baxış sayı: 207

 

Gözü yumub dincələndə

boz –qırmızı boşluq,

selə, suya həsrət qalan bənd,

qıy vuranda

qulaq batan xaraba kənd,

bəxtinə içində boğulmaq düşən hayqırtı,

sevə-sevə ayrılanların

sevgisində can çəkən eşq,

dar dünyalı birinin

ixtiyarına verilmiş geniş ürək,

hisslərin işğalının verdiyi təəssüf,

donan təbəssüm kimi

susqunam

burax gedim, a dünya!