Könül Nuriyeva - yağışlı dekabr gecəsində,

Ədəbiyyat 08:25 / 08.12.2025 Baxış sayı: 166

yağışlı dekabr gecəsində,

görüş evimiz İçərişəhərdə,

palçıqlı tində, sevgi küçəsində…

qarşıdan yeni il gəlirdi,

bizsə ola bilmədik həmrəy,

otağımızın qapısı açıq taybatay,

ürəklərimizsə bağlı, kinli, əsəbi, dərbədər.

səndən getdiyim gün

səni tanıdığım günü söymədim,

saçlarımı yolmadım,

üz- gözümə döymədim.

susdum,

yanağıma yox, ürəyimə ağladım,

yarama düz basdım,

üstünü dəmirlə dağladım,

addımladım,

üzü boz şəhərə,

düzünü deyim, həmin gecə

heç bilmirdim ki,

özüm boyda kədərlə

çıxacağammı səhərə?!

Hamı kimi etmədim,

lənət oxumadım şəhərə.

getdim…

sən istədin bunu,

sözlərin dedi “qal!”

gözlərinsə alayarımçıq, kal.

Amma bilmədin ki,

gedəndə apardım özümlə səni,

əmanət etmədim gecəyə səni.

əllərimi tutmalıydın,

sənsə buraxmırdın gecəni.

bir damcı yağışdın, üzümdə qaldın,

bir əlçim günəşdin, saçımda qaldın,

bir udumluq misraydın, sözümdə qaldın,

dəliydin, çünki küləkdin,

istiydin, çünki ürəkdin…

Allahdın, çünki mənə gərəkdin!!!

indi niyə özünü axtarırsan ki?!

indi niyə mənli günlərini

özündə saxlayırsan ki?!

Nə olub, pis yeriyirsən,

o vaxtdan günlər keçib,

niyə axsayırsan ki?

həmin gün dekabrın sonu

dekabrdan yanvara keçmək istəmirdin,

sən qərarsızdın, məni itirmək istəmirdin

sahili sevirdin, dənizdən uzaqdın,

sözləri sevirdin, şeirdən uzaqdın,

gecələri yatmırdın, səhərdən uzaqdın,

Ehh, hardan biləsən?

Sən özün özündən qaçmışdın,

özün-özündən uzaqdın.

Bax, görürsənmi?!

ayrıldıq,

daha doğrusu bu, deyildi ayrıllq

sadəcə xəstələndik,

vərəm olduq, sağalmadıq,

psixoloq diaqnoz qoydu: sarılıq!

əslində xəstəydi ürəklərimiz

bunu nə psixoloq, nə həkim bildi.

İkimiz bilirdik, biz yalnız biz

İki başdanxarab, iki nevroz!!!

Görürsənmi, gözlərimin nuru?

nə fəlakət, nə faciə olmadı.

Necə daşürəyəm mən

şəninə təriflər dediyin gözlərim,

ağlamadı, dolmadı.

"Sənsiz dəli olaram!" dediyin qadın,

çiçəyin idi, solmalıydı, solmadı...

öpüşdüyümüz küçələrdə

yağış yağdı yenə,

amma gölməçələr dolmadı!

Nə edə bilərdik?

Alınmadı, baş tutmadı, olmadı…

sevməzdim ayrılıq kəlməsini,

söyləməzdim bircə dəfə də.

Sənsə ayrılığı əzbər etmişdin dilində.

Sözlər günahkar deyilmiş,

sözlər ayırmırmış demə heç kəsi.

Ayrılıqdan ölmürmüş bircə nəfər də!

Xiffət eləmə, əzizim

İndi payızdı, yarpaqlar tərk edir ağacı.

Ağac ağlamır, demir "qayıt, xəzəlim..."

Kimsə kimsədən çıxmır acığı,

deyim sənə doğrusunu, açığını

"Sənsiz daha gözəldir,

bu dünyanın payızı..."

Oxusan bu məktubumu,

damağında siqaretin,

başında min bir fikrin,

qayğın, əsəbin, əndişən

yenə acıqlı sözlərin…

ah çəkərək, icazə verirəm

yenə deyə bilərsən “gözəlim!”