Vahid Aslan - Məni çağırır
Ədəbiyyat
14:35 / 20.06.2026
Baxış sayı: 365
Yuxumda səni gördüm,
Ey uşaqlıq illəri!
Gördümkü mənə sarı
Uzanıbdı əlləri –
Çətindərə elindən,
Uşaqlıq illərimdən
Anam məni çağırır;
Gördümkü dayanıbdı
Bir qayanın dibində,
Gördümkü bulaq axır
Bu qayanın dibindən,..
Gözlərindən buz kimi
Suları dama-dama
Qoşulub da anama
Qayam, məni çağırır;
Oyansam boğularam,
Boğar məni həyəcan,..
Anam oğulcan deyir,
Qaya da deyir can!.. Can!..
A dağım, sənə qurban!
Çətindərə adında
Yaylağım, sənə qurban!
Qucağından aralı
Dünyanın harasında
Olsam da üşüyürəm,
Gördümkü sizə tərəf
Qaçıram, tövşüyürəm,..
Balaca Vahid adlı
Dünyam, məni çağırır...
08.11.2016