Saqif Qaratorpaq - Belə küsməkmi olar
Ədəbiyyat
15:00 / 20.06.2026
Baxış sayı: 330
Belə küsməkmi olar?
Mənsiz məndən küsmüsən...
Harda olsan taparam,
danışarıq,darıxma...
Dolanaram,dönərəm
səhər,axşam başına,
Tellərindən öpərəm,
barışarıq,darıxma...
Sən ki tale payımsan,
kimdi qismətdən qaçan?
Səndən ötrü çırpınır,
yaxşı bilirsən bu can.
Evinizin yanında
sarı çiçəklər açan,
İydələrin ətrinə
qarışarıq,darıxma...
Bircə dəfə “gəl” desən,
dağı-daşı yaxaram,
Misra-misra süzülüb
ürəyinə axaram.
Gözlərinin yaşını
sinəm üstə sıxaram,
Əllərindən tutaram,
sarışarıq,darıxma...
Tellərindən öpərəm,
barışarıq,darıxma...