Aləmzər Sadıqqızı- Bu necə darıxmaq...

Ədəbiyyat 13:10 / 20.06.2026 Baxış sayı: 1568

 

Bu necə darıxmaq, bu necə yanmaq,

Bilmirəm hayannan atım özümü.

Min yerə bölünən, sınan ruhumun...

Bəxtəvər anınnan asım özümü...

 

Bir az könlün alım, bir az dərdini...

Qışdan diri çıxan bu yaz dərdini...

Həmişə ağrıyan nasaz dərdini...

Ovudum, oxşayım, tapım özümü.

 

Bir saz havasında heyratı deyim...

Ölüb yaşadığım həyatı deyim...

Özüm layla çalım, bayatı deyim...

Alıb öz könlümə yatım özümü.

 

Çıxım yuxularda çıxım, dağlara...

Dönüb bulaqlara axım dağlara...

Bir ağ duman olub baxım dağlara...

Dağların ətrinə qatım özümü.

 

Aləməm ürəyim yanır əzəldən...

Sevən ürəyini danır əzəldən...

Dünyanı fani tək sanır əzəldən...

Gedim bir məzara satım özümü.