Ələsgər Əlioğlu- ON BEŞ GÜN

Ədəbiyyat 08:14 / 20.06.2026 Baxış sayı: 401

Tünd zarafat

Günlərin bir günü günorta çağı,

Yumruq dolu təki yağdı bir ucdan-

Şenlikdə Nağının ağız-burnuna...

Çapıldı kişinin dili-dodağı,

Dişləri hamısı doldu qarnına...

Çatıb bu savaşa fit çala-çala,

Milisioner Bəşir

Haray qopardı.

Döyüləndən tutdu:

-Bəri gəl,bala!..

Sonra da qolunu burub apardı...

Döyən itirilib-axtarılmadı,

Döyülən on beş gün dönmədi kəndə.

Döyənin ortaya çıxmadı adı,

Döyülən

Müqəssir sayıldı ancaq,

Milisin baş-ayaq sənədlərində...

Qoy deyim, cələf ki deyildi Nağı,

Eh, 45 ölçülü ayaqqabı da

Onun ayağına hələ dar idi.

Gücü var idimi onu döyənin.

Bilmirəm, ammakı cibi var idi!..

...

On beş gündən sonra qayıdıb kəndə,

Nağı and içdi ki,

Bu gündən belə,

Daha ağız-burnu əyilməyəcək...

Bir də qol çırmayıb dalaşsa işdir,

Döyəcək!..

Ölsə də döyülməyəcək!..

1981