Əşrəf Veysəllidən ÜÇ ŞEİR
Vaxtın olanda
Eşqim bir qaranlıq quyuda sənsuz,
Bir ip sallayarsan vaxtın olanda.
Bəlkə bu tükənmiş,bitmiş ömrümə
Ömür calayasan vaxtın olanda.
Gözüm gözlərindən aman gözləyər,
Örtsə də gözümü duman ,gözləyər.
Səni hər dəqiqə,hər an gözləyər,
Mesaj yollayarsan vaxtın olanda.
Yol olsam dalarsan yolun seyrinə,
Kol olsam almazsan gül əllərinə...
Göl olsam, enərsən sahillərimə,
Bir daş tullayarsan...vaxtın olanda.
06.04.2020
Ayrılıq
Üzgün ürəyimə salıb meylini,
Məni öz həmdəmi sanır ayrılıq.
Çən olub gözümdə yuva bağlayır,
Dən olub saçıma qonur ayrılıq.
Yarın yollarında eynən dəliyəm,
Onun hicranıyla əylənməliyəm.
Mən bütün dərdlərə öyrəncəliyəm,
Sən Allah ,ağlatma onu ,ayrılıq.
Hicran qollarını üstümə gərmiş,
Əbədi sandığım gəldi gedərmiş.
Bütün gülüşlərin sonu kədərmiş,
Bütün görüşlərin sonu ayrılıq.
1998
Gəlmə hələ
Eşitdim bizə gəlirsən,
ay bənövşəm ,gəlmə hələ.
Mən səndə belə mərhəmət
görməmişəm ,gəlmə hələ.
Könlüm hicran otağında,
gözüm canan sorağında.
Əzrayıl can sorağında,
verməmişəm ,gəlmə hələ.
Sənsiz keçən ayım,ilim,
gəlib gözümdən tökülür.
Eşq bağından vüsal gülü
dərməmişəm, gəlmə hələ.
Ağlamaqdır indi peşəm,
bu da azdır mən ölmüşə.
Gülüm,hələ ölməmişəm,
ölməmişəm ,gəlmə hələ.
1997