Zəka  Vilayətoğlu -Tənhalıq gecənin alın yazısı

Ədəbiyyat 09:10 / 19.06.2026 Baxış sayı: 543

Tənhalıq gecənin alın yazısı,

Səssizlik sirr kimi dolar qəlbinə.

Arabir it hürər Aya, ulduza,

Xəyallar adamı çəkər dərinə!

 

Əsər səfil külək küçələr boyu

Gah sağa, gah sola vurar özünü

Əsər dayanmadan gecələr boyu,

Əbəs haldan salar, yorar özünü.

 

Gecə — səsi batmış adam kimidir,

Nəsə demək istər, səsi duyulmaz

Köhnə, sınıq, sökük bir dam kimidir,

Qoynunda kimsəsi, kəsi duyulmaz.

 

Gecə ulduzların, Ayın sirdaşı,

Nələr pıçıldayar, nələr danışar.

Gecə səhərlərin itmiş yaddaşı

Əriyər, zamana, vaxta qarışar!