Tahir Rzayev, millət vəkili - " Azərbaycan milli maraqlara uyğun siyasətin tərəfdarıdı"
Azərbaycanın xarici siyasət sahəsindəki mövqeyi və beynəlxalq tərəfdaşlıqlarının inkişafı ölkənin regional və qlobal siyasətdə rolunu gücləndirir. Bu baxımdan, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyevin ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı Ermənistan–Azərbaycan sülh gündəliyinin irəlilədilməsi, regional əməkdaşlıq layihələrinin həyata keçirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Belə görüşlər Azərbaycan-ABŞ münasibətlərinin dərinləşdirilməsi və regionda sabitliyin təmin olunması baxımından vacib addım hesab olunur.
Yenises.az xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Tahir Rzayev bildirib ki, üç dövlət rəhbərinin avqustun 8-də Vaşinqtonda görüşü Azərbaycan-ABŞ-Ermənistan münasibətlərində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilə bilər: "Həmin görüşdə anlaşma bəyannaməsinin imzalanması sülh müqaviləsinə doğru atılan yeni bir addım oldu. Sonrakı aylarda da Ağ Ev rəhbəri Donald Trampın təşəbbüsü ilə bir neçə telefon danışığı baş tutub və Azərbaycan-Amerika münasibətləri öz sağlam məcrasında davam edir. Ermənistanın baş naziri Nikol Paşinyanın sonrakı bəyanatlarında da sülhə doğru təşəbbüslərin olduğu aydın hiss olunur".
Millət vəkili bunu da vurğulayıb ki, ABŞ dünyanın aparıcı dövlətlərindəndir və söz sahibidir: "Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşdırılması dövlətimizin milli maraqlarına uyğundur. Bu, Cənubi Qafqazda sabitliyin bərpa olunması, təhlükəsizliyin təmin olunması və sülh müqaviləsinin bağlanması baxımından önəmlidir. Hikmət Hacıyevin Alison Niker ilə görüşü də məhz münasibətlərin daha da yaxşılaşmasına yönəldilmişdir. Sözsüz ki, bu görüşdə qarşılıqlı fikir mübadilələri aparılıb, sülhə gedən yolun parametrləri və istiqamətləri bir daha müəyyən edilib. Hər bir görüş səmərəlidir və ölkələr arasında münasibətlərin bilavasitə yaxşılaşdırılmasına xidmət edir".
Milli Məclisin üzvü onu da əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətinin bütün dövrlərində xarici ölkələrlə münasibətlərin yaxşılaşmasına böyük önəm verib və bu istiqamətdə görülən işlər göz qabağındadır: "Nəticədə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli dərəcədə artıb. Bugün Azərbaycan dünyanın bir çox beynəlxalq təşkilatlarının üzvüdür və bu təşkilatlara rəhbərlik edir. Əlbəttə ki, bu, qarşılıqlı münasibətlərdən qaynaqlanır və Amerikanın da münasibətlərinin yeni mərhələyə daxil olması ölkələrimizin əlaqələrinin genişlənməsinə və sülhün təmin olunmasına bilavasitə xidmət edir. Cənubi Qafqazda bir çox xarici ölkələrin marağı mövcuddur və uzun illər münaqişənin həll olunmamasının səbəbi məhz budur. Ancaq ABŞ-nin bu yöndə atdığı addımı təqdirəlayiq hesab edirəm. Çünki bu, iki ölkənin uzun sürən münaqişəsinə və müharibəyə son qoyulması deməkdir. Hikmət Hacıyevin görüşü də regionda sülh prosesinə dəstəkdir və Amerikanın fəallığının yüksəlməsi təqdir olunmalıdır".
Tahir Rzayev vurğulayıb ki, müharibələr heç bir xalqa və dövlətə fayda verməyib: "Biz bunu Azərbaycanın timsalında görmüşük. Ermənistanın bugünkü vəziyyəti, millətçilik siyasəti isə bu dövlətə çox baha başa gəlib. İqtisadi böhran, vətəndaş qarşıdurmaları, ölkədəki hərc-mərclik və xarici asılılıq Ermənistanı çıxılmaz vəziyyətə salıb. Belə bir dövrdə Ermənistanın sülhə gəlməsi, Azərbaycanla münasibətləri yaxşılaşdırması onun gələcək inkişafı üçün faydalıdır. Azərbaycan iqtisadi cəhətdən inkişaf edən, qüdrətli orduya malik və xalqının birliyini təmin edən bir dövlətdir. Bu dövlətin inkişafı zəmin yaradır ki, o, istənilən dövlətlə qarşılıqlı münasibətlər qursun və yeri gələndə öz sözünü deməyə bacarsın. Məhz buna görə də danışıqlar bilavasitə müharibəyə son qoyulmasına, ölkələrin qarşılıqlı əməkdaşlığa getməsinə və sülhün bərqərar olunmasına yönəldilib. Hər bir görüş faydalıdır, çünki ən uzun sürən münaqişələri də münasibətləri yaxşılaşdırmaqla həll etmək mümkündür. Azərbaycanın bu yöndə apardığı siyasət, əlbəttə ki, qiymətləndirilməlidir".