Süleyman Abdulladan ÜÇ ŞEİR
VARIN ŞEİRİ
Çıxmaz ağlımızdan düz yol həsrəti,
Uzaqlar deyilən bir məchul da var.
Çox vaxt ucadakı baxmaz aşağı,
Və bilməz ucadan uca hul da var.
Sənin bu ədan ki, ürək qanadır,
Zərəri saf eşqə, qəsdi canadır.
Nə olsun gedişin ağayanadır,
Olan bir istəyə məğlub qul da var.
Çox vaxt haqq umduğun yerdə haqq olmur,
Üzü ağ olanın günü ağ olmur.
Təkcə adam olub yaşamaq olmur,
Həyata rəng qatan dəyər - pul da var.
ÇIXARTMAZ
Bir də var yaxşıya ümid azlığı,
İnam doğru yolu daşa çıxartmaz.
Varsa bir gedişin çıxılmazlığı,
Hər gələn adamı başa çıxartmaz.
Gərək arif olan sözü düz olsun,
Abırlı adamda arlı üz olsun.
Beş olsun, on olsun, əlli-yüz olsun,
Ömrün hər ilini yaşa çıxartmaz.
Heç kim devirəmməz Tanrı seçəni,
Xuda özü bilir nəyi, necəni...
Dünən var, sabah var, - olub keçəni,
Yadından, min dəfə çaşa, çıxartmaz.
ÇIXIB GEDƏR
Canı dişə sıxanacan,
Ruh bədəndən çıxıb gedər.
Əyri yola çıxanacan,
Düz yol səndən çıxıb gedər.
Çoxdu adamı əzdirən,
Qarşı dur yelə, əs, dirən.
İçində qürbət gəzdirən
Kəs vətəndən çıxıb gedər.
Zülmdür həyat qalanacan,
Puç ümidə dalanacan...
Öz haqqını alanacan,
Tanrı, bəndən çıxıb gedər.