SÜDABƏ SƏRVİ : - Ömür çox qısaydı ...
YENİ ÇIXACAQ ŞEİRLƏR KİTABIMDAN BİR YARPAQ....
Tək Allahdan başqa getmədiklərim...
Ömür çox qısaydı, nə yaşadım ki…
Hələ susub qalan arzularım var.
Ovcumdan su kimi axıb getdi vaxt,
İçimdə səssizcə qalan bir bahar.
Ömür bir an imiş, duymadım necə,
Bir göz qırpımında axıb keçdi də.
İlləri kim isə biçdi dəryazla,
Bir günahkar kimi baxıb keçdi də.
Ömür qısa imiş, gec anladım mən,
İndi bu yaşımda nə qaldı əldə?
Susdu arzularım, tükəndi birdən,
“Kaş ki”lər dolaşır hərdən dilimdə.
Ən çox da yandırır etmədiklərim,
Bir-bir boylanırlar o köhnə yollar.
Qapılar var idi, dönmədim geri,
İçimdə hələ də qızcığaz ağlar.
Qapılar açıldı, baxmadan keçdim,
Bəzən vicdan yükü, bəzən səbəbsiz.
Həyat bircə fincan su imiş, içdim,
Süzüldü ruhuma sakitcə, səssiz.
Əziyyət versə də etmədiklərim,
Dözümlü olmağı öyrətdi mənə.
Tək Allahdan başqa getmədiklərim,
Əzmli olmağı öyrətdi mənə.
2021