Sevil Azadqızı - Payız son ümid köçüdür...
Payız son ümid köçüdür,
Hər düşən yarpaq bir ah.
Zaman qənim kəsilib,
Yerdə yaşamaq günah.
Zamanın çarxı amansızca fırlanır, ömrün yarpaqlarını bir-bir tökərək ümidləri xatirə dəyirmanında üyüdür. Hər payız bir ömrün hesabatıdır, ruhun özü-özü ilə baş-başa qaldığı o böyük sükutdur. İndi bu köhnə evin divarları arasında, keçmişin pıçıltıları ilə baş-başa dayanmışam. Çöldə yağış yağır, göy üzünün göz yaşları yorğun pəncərənin şüşələrinə toxunduqca, sanki zamanın səssiz fəryadı otağın qaranlığına süzülür. Aylar və illər dumanlar içində itdi, ömür isə gümansız bir yolçu kimi bu şəhərin yollarından ötüb keçdi.
Əlimdəki isti çay fincanı ovcumdakı yeganə təsəllidir. Onun yavaş-yavaş yüksələn buxarı pəncərə arxasındakı dumanlı xatirələrə qarışır, sanki ruhumun yorğun nəfəsini əks etdirir. Çay soyuduqca, ürəyimdəki o köhnə atəşlərin də necə sönüb getdiyini hiss edirəm. Fincandan qopan hər istilik zərrəsi, itən günlərin arxasınca buraxılan sonuncu ümid kimidir. Bu isti fincan əslində daxili soyuqluğumun, tənhalığımın ən sadiq şahididir.
Uzaqlardan durnaların köçü başlayır. Mənim solan bağımdan, quruyan arzularımdan qopan o son nəğmələr durnaların qanadlarında uzaq üfüqlərə daşınır. Onlar getdikcə, göy üzündə parıldayan o bəxt ulduzum da sönür, gözümün bəbəyində sonuncu şöləsini dəfn edir. Pəncərənin arxasındakı dünya saralır, solur və yoxluğa doğru yuvarlanır. Keçən ömür arxasında sadəcə bu yorğun pəncərənin küncünə sıxılmış kədərli kölgələr buraxır.
Bu köhnə ev indi mənim xatirələr şəhərimdir, yağış isə o şəhərin bitməyən musiqisidir. Mən bu soyuq şüşənin arxasından dünyaya boylandıqca anlayıram ki, hər tərəf duman, hər tərəf sükut, hər tərəf payızdır... Amma bu payızın içində belə, əlimdəki isti fincanın son istisində hələ də yaşamaq və xatırlamaq ümidi gizlənib.
Sevil Azadqızı
04.09.2026