Ayaz Arabaçı - İstambul ofisimdən..

YAZARLAR 13:00 / 05.09.2026 Baxış sayı: 432

 

Əsrlərin yaddaşında yaşayan kifayət qədər möhtəşəm abidələr var. Həm gözəl, həm tarixə meydan oxuyan, həm də heyrətamiz..

Belə abidələrdən biri də İstanbulun qəlbində, əsrlərin nəfəsini öz divarlarında yaşadan Ayasofiyadır.

O, İstanbulun simvollarından biri olmaqla yanaşı, Şərqlə Qərbin, xristianlıqla İslamın, Bizansla Osmanlı dünyasının kəsişdiyi nadir məkanlardan biridir.

Mən onu ziyarət edərkən tarixi mənbələri bir az araşdırdım. Onun barəsində müəyyən bilgilər əldə etdim.

Ayasofiyanın ilk böyük tikilisi imperator I Yustinianın dövründə inşa edilmiş və 537-ci ildə ibadət üçün açılmışdır. Memarlar Antemios və İsidoros tərəfindən yaradılan bu möhtəşəm tikili öz dövrü üçün qeyri-adi mühəndislik nailiyyəti idi. Nəhəng günbəz sanki daş üzərində deyil, göylərin altında dayanırmış kimi təsir bağışlayırdı.

Ayasofiyanın tarixində 1453-cü il xüsusi yer tutur. İstanbulun Osmanlılar tərəfindən fəthindən sonra məbəd məscidə çevrildi. Sonrakı əsrlərdə onun ətrafında minarələr, mədrəsə və digər memarlıq elementləri meydana gəldi. Beləliklə, Ayasofiyanın görünüşündə Bizans və Osmanlı memarlıq ənənələri bir-birinə qarışdı.

Məlumat üçün onu da deyim ki, məbədin içinə giriş pulludur və bizim pulla 50 manat civarındadır.

Divarlarda xristian dövründən qalan mozaikalar, İslam dövrünün xəttatlıq nümunələri və nəhəng dairəvi lövhələr yanaşı mövcuddur. Sanki müxtəlif əsrlər burada bir-birinə düşmən yox, bir yaddaşın ayrı-ayrı səhifələri kimi yaşayır.

Ayasofiyanın günbəzi insanı heyrətləndirən əsas xüsusiyyətlərindəndir. Aşağıdan baxanda onun böyüklüyü insana zamanın qarşısında nə qədər kiçik olduğunu hiss etdirir. Bəlkə də memarların yaratdığı ən böyük möcüzə yalnız daşları və sütunları birləşdirmək deyil, insanda heyrət hissi yaratmaq olub.

Ayasofiya təkcə İstanbulun deyil, bütün bəşəriyyətin mədəni irsinin mühüm parçalarından biridir. Onun taleyi imperiyaların yüksəlişini və süqutunu, dinlərin və mədəniyyətlərin bir-birinə inteqrasiyasını şəhərlərin və insanların dəyişməsini özündə əks etdirir.

Bu gün Ayasofiyanın qarşısında dayananda ağlıma qəribə bir fikir gəldi, İstanbul dəyişib, imperiyalar dəyişib, insanlar dəyişib, amma Ayasofiya olduğu kimi qalır.

Ayasofiya mənim üçün sadəcə tarixi abidə deyil. O, zamanın susaraq danışdığı bir kitabdır. Hər sütunu bir əsr, hər mozaikası bir xatirə, hər daşının üzərindəki iz isə keçmişdən gələn bir səsdir.

Və insan onun qarşısında dayananda anlayır ki, tarix yalnız kitablarda yazılmır. Bəzən tarix qarşında dayanır, sənə baxır və səni əsrlərin içindən keçirib bu günə gətirir. Ayasofiya məhz belə bir tarixdir.