Şakir Xanhüseyinli - GÖY ÜZÜ DƏ BİR LÖVHƏDİ

Ədəbiyyat 12:10 / 05.09.2026 Baxış sayı: 126

Şakir Xanhüseynli

İndicə ·

 

 

Baxıram rənglərə bir-bir,

ağ hansı, qara hansıdı.

Göy üzü də bir lövhədi,

orda buludlar yazıdı...

Quşlar ötən nəğmə bəlkə

o sözlərdi, işıq saçır;

Durna dəsi göy üzündə,

bax, qatar-qatar yazıdı...

Fikrimiz elə hey göydə,

daşımız yerdə ağırdı...

Tanrıya bağlı qəlblərdə

sanki ümidlər yazıdı...

Yer başıbütöv bir səsdi

göyün sükutuna əvəz...

Əlimiz yazmayan, ancaq

göz görən nə var, yazıdı...

Həm ay, həm də ulduzların

bu lövhədə yeri nurdu...

Üfüqboyu bir qızartı,

ürəkdə qubar, yazıdı...

O sözlər ki, danışılmır,

sönən bir ulduz misalı

İşığı illərlə qalan,

tamam sehir, sirr yazıdı...

Qürub çağı göy qurşağı

rəng boyalı kəlmələrdi;

Fırça ilə yazılan söz--

bu axar-baxar yazıdı...

Ey külək, hansı qorxudan

əsməcə tutubdu səni;

Sətir-sətir yağan yağış,

lapar-lapar qar, yazıdı...

Daha ayağım torpaqda--

özümü endirdim yerə;

Gördüm dizlərimdə yara,

ovcumda qabar, yazıdı!.