DİRİLİM YAR BUSƏSİNƏ - Sevinc Qərib
Bu nə dəli darıxmaqdı,
alıb başımın üstünü.
Bir mən, bir də Tanrı görür,
köksümdən qalxan tüstünü.
Darıxır əlim-ayağım,
saçlarım da incik düşür.
Xəyalımdan lent sayağı
ömrümün Səni ötüşür.
Darıxır dualı ovcum,
əllərimə həsrət çökür.
Bu xiffət insafsız ovçu
ürəyimə tətik çəkir.
Gözümün çəkdiyi yola
nəm kirpiyim naxış salır.
Yenə hicranla qol-qola
səbrimin boyu qısalır.
Yeriməyə yox həvəsim
sənə gəlmir ki, yollarım...
Canıma sığmır nəfəsim
qoynumu boğur qollarım.
Sən çağır, harayla gəlim.
qüssə yenilsin səsinə.
Öldürdü darıxmaq- ölüm
dirilim yar busəsinə.