Ağaevli Əli Hacı - Dar ağacına oxşayır kipriklərim

Ədəbiyyat 09:40 / 04.09.2026 Baxış sayı: 1127

Dar ağacına oxşayır kipriklərim,

Asıb göz yaşlarımı özündən !

Ağrılarımı görməsinlər deyə,

Göz yaşlarıma yol tapılmadı üzümdən !

 

Göy üzü,

buludları öldürür yerin eşqinə,

Yer üzü,

and evi tikir göyün adına !

Gün yandırır ağrılarımı,

Ağrılarımın dərisini soyub,

Dərisi üstündə məktub yazıram bir qadına !

Çəkimi dərmansız,türkə-çarəsiz atdım

Acıları yaşamağın üzünə !

Halım olmadı yavanlığa bal yeyəm,

Halımı yedim,dilimin hər sözünə !

Yalın-yalın günlərimin,

Sıxdı ayaqqabısı ayaqlarımı !

Susuz səhraların türküsü oldum,

Susuz böyütdüm uşaqlarımı !

Çiçək görsən,dərmə oğlum

Başqaları da görsün ki,həyat-sağmış !

Dünya da ağrı içindədir,

Dünyanı ovutmaq-onu yaşamağmış !