Ağamir CAVAD - POEZİYAMIZIN AKASİYA ƏTRİ
SƏRRAF TALIB - 70
Təbiətin gözəlliyi, harmoniyası ilə insanın həm zahiri, həm də mənəvi dünyası arasında İlahi bir vəhdət var. Sərt iqlim şəraitində yaşayanların təbiətən sərt, mülayim iqlimdə yaşayanların isə adətən sakit təbiətli olması hamıya məlumdur. Gözəllik içində böyüyən gözəl arzularla yaşayır. Şair Şəkər Aslan necə də gözəl deyib: "Gül içində yaşayan gül kimi gözəl olar". Təbiətlə insan dünyasının vəhdətini metafizik şəkildə duyan, bu ilahi gözəlliyi obrazlı şəkildə canlandıran mənən Allaha ən yaxın olan yaradıcı insanlar şairlərdir. Məhz şairlərin diliylə doğma torpağda bitən hər hansı bir ağac, gül, çiçək insan kimi obrazlaşaraq müqəddəsləşir, yurdun milli simvoluna çevrilir. Sakura ağacı yaponların, ağcaqayın ağacı rus şairlərinin, çinar Azərbaycan şairlərinin, dəmirağac Lənkəranın simvoluna çevrildiyi kimi. Doğma Lənkəranın simvoluna çevriləcək ağaclardan biri isə məhz akasiyadır - yetişdiyi torpağın, yurdun adını özündə daşıyan Lənkəran aksiyası. Bəlkə, aksiyaya əvvəllər də şeir yazan olub, amma şair Sərraf Talıbın yazdığı "Aksiya" şeirində ağacın gözəlliyi ilə doğma insanların mənəvi aləmi vəhdət təşkil edərək simvollaşır.
Çiçəklərin saçaq-saçaq açılıb,
Sanki çilçıraqdı günəşdən asılıb,
Park boyu dayanmısan, akasiya.
Çiçəklərin bihuş edir adamı,
Ətrindən bihal olub hamı,
Ağa, yaşıla boyanmısan,
akasiya.
Xırda-xırda yarpaqların ipəkdi sanki,
Ağac deyil bu, ağac boyda
pətəkdi sanki!
Kölgən doğma, kölgən sərin,
Dünyanın ən gözəl sırğasıdır çiçəklərin.
Sən bu yurdun yaşıl donlu qızımısan,
gəlinimisən, akasiya,
Sən ürək kimi səmimisən, akasiya.
Haçansa, hardasa adın gələndə,
Lənkəran deyirəm, akasiya.
Hardasa səni görəndə,
Ətrindən Lənkəranı duyuram, akasiya.
Göründüyü kimi bu şeirdə akasiya ağacı konkret bir təbiət obrazından çıxaraq Lənkəranın, doğma yurdun və yaddaşın rəmzinə çevrilir. Şeirin İlk bəndində akasiyanın zahiri gözəlliyi və ətri təsvir olunur. İkinci bənddə isə təsvir daha poetik və obrazlı xarakter alır: ağac artıq sadəcə ağac deyil, “ağac boyda pətək”, “dünyanın ən gözəl sırğası”, “yaşıl donlu qız”, “gəlin” kimi təqdim edilir. Son bənddə isə bu gözəllik coğrafi və emosional assosiasiyaya çevrilərək diqqəti cəlb edir: “Lənkəran deyirəm, akasiya" misrası şeirin əsas poetik düyünü kimi səslənir. . Şair üçün akasiya Lənkəranın bir növ vizual və qoxusal nişanəsinə çevrilir.
Şeirin ən güclü cəhətlərindən biri akasiyanın insaniləşdirilməsidir. “Sən bu yurdun yaşıl donlu qızımısan, gəlinimisən, akasiya” misralarında ağac qadın obrazı kimi canlandırılır. Burada “qız”, “gəlin”, “don” sözləri akasiyaya milli və yerli kolorit verir. Bu, sadəcə gözəllik metaforası deyil. “Qız” və “gəlin” sözləri yurdla ağac arasında qohumluq əlaqəsi yaradır. Akasiya Lənkəranın təbiətində bitən bir ağac olmaqdan çıxıb, sanki həmin torpağın övladına çevrilir. Şeirdə akasiya yalnız görülmür, həm də duyulur:
Son bənddə: “Ətrindən Lənkəranı duyuram, akasiya,"- misrası şeirin ən emosional qatıdır. Çünki qoxu insan yaddaşında məkanla bağlı çox güclü assosiasiya yarada bilir. Şair üçün akasiyanın qoxusu Lənkəranın qoxusudur. Beləliklə, son bənd əvvəlki iki bənddəki təbiət təsvirinə şəxsi yaddaş və vətən duyğusu əlavə edir.
“Sən ürək kimi səmimisən, akasiya.”- misrasında isə akasiyanın zahiri gözəlliyindən onun mənəvi keyfiyyətinə keçid edilir. “Səmimi” sözü əslində ağaca aid deyil. Bu, şairin ağaca münasibətidir. Deməli, akasiya şair üçün o qədər doğmadır ki, onun haqqında insan xarakterinə məxsus “səmimiyyət” anlayışı ilə danışır. Burada canlandırma açıq şəkildə görünür.
Şair şeirin son dörd misrasında əsərin ideyasını tamamlayır:
“Haçansa, hardasa adın gələndə,
Lənkəran deyirəm, akasiya.
Hardasa səni görəndə,
Ətrindən Lənkəranı duyuram, akasiya.” -
Burada isə artıq söhbət akasiyadan çox doğma yer haqqında xatirədən gedir.
Maraqli məqam budur ki, əvvəlki bəndlərdə Lənkəran akasiyanı müəyyənləşdirirdisə, son bənddə əksinə, akasiya Lənkəranı müəyyənləşdirir.
Bu şeirin zahiri mövzusu akasiya, daxili mövzusu isə Lənkəran və doğmalıqdır.
Əslində şair akasiyaya müraciət edir, amma oxucu tədricən anlayır ki, müraciətin arxasında doğma şəhərə, uşaqlığın yaddaş məkanına və yurdun təbiətinə bağlılıq dayanır.
Akasiyanı görmək — Lənkəranı xatırlamaq;
akasiyanın ətrini duymaq — Lənkəranı duymaqdır. Bu baxımdan şeir təbiət lirikasından yurd lirikasına keçən səmimi bir mətn təsiri bağışlayır. Ümumiyyətlə, Sərraf Talıb nədən yazırsa yazsın, mövzuya ictimai, lazım gələrsə, siyasi məna verməyi bacarır.
"Akasiya" şeiri bizə doğmadır. Sərraf Talıbla bir yerdə akasiya ağacının kölgəsində oturub bu şeirin doğulmasının şahidi olmuşam. Akasiyaya daha sonra üç şeir o, üç şeir də mən yazmışam. Yəqin bundan sonra da Qurbaninin "Bənövşə"si kimi akasiyaya çoxlu şeir yazılacaq. Bu şeir isə öz gözəlliyini heç vaxt itirməyəcək. Poeziyamızın akasiyası kimi ətrini həmişə qoruyacaq.
Əsasən ictimai-siyasi və təbiət mövzusunda şeirlər yazan Sərraf Talıb həm də gözəl məhəbbət şairidir. Onun həm rus dilində, həm də Azərbaycan dilində qələmə aldığı sevgi şeirləri oxucuları tərəfindən həmişə xüsusi rəğbətlə qarşılanıb, sevilə-sevilə oxunub. Bu gün ömrünün ahıl yaşında onun sevgiyə münasibəti də ahıllaşıb, müdrikləşib. Gənclikdə yazdığı sevgi şeirlərindən fərqli olaraq bu günkü məhəbbət şeirlərində fəlsəfi lirika üstünlük təşkil edir. Qadına müraciətlə qələmə aldığı "Mən hələ diriyəm" şeirində şairin qadınla və sevgiylə bağlı fəlsəfi düşüncələrinin şahidi olur, müdrikanə münasibətini görürük.
Mən hələ diriyəm, ölü deyiləm,
Özünü üstümə sallayan, qadın!
Adəmi cənnətdən, məni özümdən,
Bu fani dünyaya yollayan, qadın!
Bu şeir sevgi şeirindən daha geniş məna daşıyır. “Mən hələ diriyəm” mətnində qadın konkret sevgili obrazından çıxaraq insanın özünü tanımasının, eşqin, zamanın, ölümün və Tanrıya doğru mənəvi yolçuluğun simvoluna çevrilir.
Şeirin başlanğıcı diqqəti dərhal cəlb edir:
“Mən hələ diriyəm, ölü deyiləm...”
Bu, təkcə fiziki həyat haqqında deyil. Buradakı “dirilik” mənəvi oyanıqlıqdır. Qadın şairi “özündən” ayırır, onu əvvəlki mənliyindən çıxarır. “Adəmi cənnətdən, məni özümdən” paraleli ilə fərdi eşq hadisəsi bəşəri mifə bağlanır. Beləcə qadın həm cazibə, həm sınaq, həm də dəyişdirici qüvvə kimi təqdim edilir.
Şeirin əsas fəlsəfi xətti “sən”lə “mən” arasındakı sərhədin getdikcə itməsidir. Xüsusilə:
Sənəmi vuruldum, yoxsa özümə,
Səninlə aramda varmı bir kimsə?
və yaxud:
Hər sevgi özgəyə deyil, bəlkə də,
Mənə əksim kimi qayıdan, qadın!”-
misralarında sevginin əslində insanın özünü axtarması ola biləcəyi düşüncəsi meydana çıxır. Qadın burada güzgüyə çevrilir: şair onda öz əksini, öz həqiqətini axtarır.
Şeirdə eşq və ölüm daim yanaşı gedir. “Nə eşq son mənzildir, nə hicran sonluq” fikri bu baxımdan əsas fəlsəfi tezislərdən biridir. Sevgi nə başlanğıcın, nə də sonun özü kimi qəbul edilir. İnsan davamlı bir yolçudur:
“İnsan bir yolçudur özünə sarı...”
Bu misra bütün mətnin açarlarından biridir. Şairin yolunun son ünvanı qadın deyil, özüdür. Qadın isə həmin yola çıxaran qüvvədir.
Mifoloji və mistik qat da şeirin mühüm xüsusiyyətidir. Adəm, Tanrı, Simurq, Cəbrayıl, Əzrayil kimi obrazlar fərdi eşqi kosmik və dini miqyasa yüksəldir. Xüsusilə:
“Bitmədim, külümdən qalxıb əl etdim”
misrasında Simurq motivi ölümdən sonra yenilənmə, külündən doğulma ideyasını ifadə edir. Əzab insanı məhv etməkdən çox, başqa bir mənə çevirmək funksiyası daşıyır.
Son bənd isə şeirin ən mistik və iddialı nöqtəsidir:
Mən hələ diriyəm, demə ölüyəm,
Bir az sayğı göstər, dəli, doluyam.
Məndən sənə gələn Tanrı yoluyam,
Cəbrayıl, Əzrayil doğulan, qadın!
Burada qadın artıq sadəcə sevgili deyil. O, Tanrı ilə insan arasında metafizik keçidə çevrilir. Cəbrayıl və Əzrayilin yanaşı çəkilməsi də təsadüfi deyil: biri ilahi xəbərin, digəri keçidin və ölümün simvoludur. Beləliklə, qadın həm həyata gətirən, həm öldürən, həm də yenidən doğulmağa səbəb olan qüvvə kimi ümumiləşdirilir.
İnsan bəzən bir başqasına vurulduğunu düşünür, amma həmin sevginin dərinliyinə endikcə əslində özünü, ölümünü, varlığını və Tanrı ilə münasibətini axtardığını anlayır.
Mətnin ən güclü cəhəti də budur: qadın obrazı getdikcə sevgilidən simvola, simvoldan isə metafizik varlıq sərhədinə yüksəlir.
Şairin fikrincə, həqiqi söz hazır olanda yazılmır — insanın içində doğulur. O söz doğulana qədər şair öz nəfsi, düşüncəsi və susqunluğu ilə mübarizə aparır.
Bu səbəbdən yaradıcılıq mətn olmaqla yanaşı, həm də daxili təmizlənmə və mənəvi özünəhesabatdır. "Söz" şeirində şair yazır:
Yatmadım bütün gecəni,
Ağ şəfəqlər gələnəcən.
Yüyürdüm, dayanmadım heç,
İçimdə nəfs ölənəcən.
...Başımı verdim yarmağa,
Əlimi verdim durmağa.
Gecə çəkildim çarmıxa
Dilimdə söz gülənəcən.
Birinci bənddəki :“Yüyürüb dayanmadım heç,
İçimdə nəfs ölənəcən", - fikri şeirin mənəvi mərkəzidir. Buradakı “nəfs” sözü çox geniş məna daşıyır. O, sadəcə istək və ehtiras deyil; insanın daxilindəki eqo, rahatlıq, özünü təsdiqləmək ehtiyacı, mənəvi zəifliklər kimi anlaşılır. Şair demək istəyir ki, sözə çatmaq üçün əvvəlcə nəfsindən keçməlisən. Bu, sufiyanə düşüncə ilə də səsləşir: həqiqi sözə çatmaq üçün “mən”in susması lazımdır. Ona görə “nəfsin ölməsi” əslində fiziki ölüm yox, eqonun mənəvi olaraq yox olmasıdır.
İkinci bəndindəki “Gecə çəkildim çarmıxa” misrası isə şeirdə ən güclü misra kimi səslənir. Bu misra həm obrazlı, həm də məna baxımından şeirin zirvəsidir. Çünki əvvəlki “nəfs”, “baş”, “əl” kimi obrazları bir nöqtədə birləşdirir: şair söz naminə özünü qurban verir.Son misra isə həmin qurbanın məqsədini açıqlayır: “Dilimdə söz gülənəcən ." Burada “söz” sadəcə danışıq vahidi deyil. Şeirin kontekstində ilham, həqiqət, daxili etiraf, poetik fikir mənalarını daşıyır. Çox vacib məqam budur ki, şair “söz yazanadək” demir, “dilimdə söz gülənəcən” deyir. Bu ifadə sözü əvvəlcə daxildə doğulan, sonra yazıya çevrilən canlı bir varlıq kimi göstərir. Söz əvvəlcə dilə gəlir, sonra qələmə.
Mən "Lənkərandan bu dünyaya yol gedən" Sərraf Talıbı ötən əsrin səksəninci illərindən tanıyıram. O zaman Azərbaycan Yazıçılar İttifaqı Lənkəran Zona Şöbəsinin məsul katibi olan tanınmış yazıçı Məmmədhüseyn Əliyev ilk görüşlərin birində mənə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib yenicə Lənkərana qayıdan Sərraf Talıb haqqında yüksək fikirlər söyləyib, gənc yazarlar arasında müasir şeiri duyan ən güclü şairlərdən biri olduğunu demişdi. Mətbuatda "Qaynaqçı qız", "Lənkərandan bu dünyaya gedən yol" şeirləri ilə qiyabi tanıdığım bu gözəl şairlə Yazıçılar İttifaqında keçirilən ədəbi görüşlərdə əyani tanışlığım sonradan əbədi dostluğa çevrildi. Onunla Ayıqlıq Cəmiyyətində, Lənkəran Radio Verilişləri Redaksiyasında işləyərkən tez-tez saxladığımız əlaqələr, Lənkəran "Cənub TV" şirkətində, AMEA Lənkəran Regional Elm Mərkəzində birgə işlədiyimiz illər bizi bir-birimizə daha da bağladı. Aramızda olan ədəbi müzakirələr, deyişmələr bu gün də bitmir. Yazdığımız əsərləri ilk dəfə çox zaman bir-birimizə oxuyur, fikir mübadiləsi aparırıq. Hal-hazırda Sərraf Talıb AMEA Lənkəran Regional Elm Mərkəzinin ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiridir. Üç kitab müəllifidir. "Bu yerin üstü də məni tanımır" kitabında müxtəlif illərdə qələmə aldığı şeirləri toplanmışdır. "Sonuncu sağlıq" kitabına isə dünya ədəbiyyatından etdiyi tərcümələr daxil edilib. Onun rus şairlərindən Anna Axmatova, Boris Pasternak, İosif Brodski, Amerika şairlərindən Emili Dikinson, Tomas Eliot, Çarlz Bukovski, Çin şairi Ay Tsin, dünyanın məşhur yazıçılarından Aqata Kristi, Uilyam Folkner, Nadin Qordimet, Qabriel Qarsia Markes, Nodar Dumbadze, Çingiz Aytmatov, Tatyana Tolstaya və başqalarından etdiyi tərcümələr oxucuları tərəfindən rəğbətlə qarşılanıb.
Sərraf Talıbın elmi və ədəbi tənqidi məqalələri isə "Ədəbi varislik zənciri: Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı müstəvisində" adlı üçüncü kitabında yer alıb.
Gözəl şair, tərcüməçi, publisist, elmi məqalələr müəllifi olan Sərraf Talıbın 2026-cı ilin sentyabr ayının 4-də 70 yaşı tamam olur. Yorulmaq bilmədən çalışan, hər gün yeni əsərləri ilə bizi sevindirən qələm dostumuzu yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.