PAYIZ DUYĞULARI- İslam Türkay
Qəriblik bürüyüb cığırı,izi,
Köçübdü ,göllərin sonası yoxdu...
Bağların saralıb, solub bənizi,
Elə bil mənimtək anası yoxdu...
Tutulub göylərin qaşı-qabağı,
Əlləri qoynunda qalıbdı dağlar.
Meşənin çaylara yağan yarpağı,
Həsrət məktubudur,oxuyan ağlar...
Budaqlar—göylərə haykıran əllər,
Meşələr viranə şəhərdi,Allah!..
Qayalar dibində titrəşən güllər--
Qarıyan qizlardı, qəhərdi,Allah!..
Tək ağac anammı,həsrət qarımı--
Qəbirdən boy verən sədadı , bəlkə?!..
Tökülən yarpaqlar göz yaşlarımı,
Göz yaşı içində adadı ,bəlkə?!..
Hava nəmişkəndi, cığır—sürüşkən ,
Palıdlar odlara qalanıb gedir...
Səhərlər döşləri çulğalayan çən
Baharin ruhudu , dolanıb gedir...
Ağarır dağların silsilə tağı,
Qayalar dayanıb dəyanət kimi...
Göy tala -- baharın itən yaylığı,
Duman ütü çəkir, əmanət kimi...
Çaylar yavaşıyıb, sular durulub,
Ayrılıq nəğməsi çalır bulaqlar...
Elə bil vaxt susub, zaman yorulub ,
Elə bil çağırır məni uzaqlar...
Elə bil çağırır məni uzaqlar..