Kəmalə Abiyeva Aydın Qızı - BİR KÖRPƏ YATIRDI

Ədəbiyyat 19:05 / 02.09.2026 Baxış sayı: 519

 

Gecə sükutunda bu təbiətin

Bir körpə yatırdı ana səsində.

Sığınıb qoynuna ilk məhəbbətin

yatırdı bir eşqin təntənəsində.

Bir körpə yatırdı ana gözündə

Yerüzü ən şirin yuxu görürdü.

Yuxulu gözləri göyün üzündə

Yuxu nağılında torpaq gülürdü.

Bir körpə yatırdı, durub səmadan

Kövrək bir həsədlə ay boylanırdı,

Ana laylasında uyuyub hər yan

Məsumluq içində xumarlanırdı.

Bir körpə yatırdı...Bütün kainat

ən ülvü,müqəddəs yuxu görürdü.

bir körpə yatırdı arxayın, rahat

Çünki keşiyində ana dururdu.