Məmməd Qədir - Belə gözləmir
Necə gözləyirdim, bilsən, Ayüzlüm,
Səhralar yağmuru belə gözləmir.
Gecələr kor edib salsa da üzgün,
Qaranlıqlar nuru belə gözləmir.
Sevən sevər yarın bivəfasını,
Çəkmək imandanmış yar cəfasını,
Xəstə şəfasını, sağ səfasını,
Candan bezən goru belə gözləmir.
Həmişə təzəymiş dərdin boyatı,
Asıram, kəsirəm, dərdin boy atır,
Barışıb bir ovuc külündə yatır,
Sönmüş ocaq qoru belə gözləmir.
Gündüzü ötürdüm, gecə gözlədim,
Dirəndi gözlərim heçə, gözlədim,
Səni diri-diri necə gözlədim,
Heç ölülər Suru belə gözləmir.
Sevda yollarında Məmməd sərsəri,
Süzülür gözündən ruhunun təri,
Ana balasını, əsgər zəfəri,
Döyüşçü uğuru belə gözləmir.
Necə gözləyirdim, bilsən, Ayüzlüm,
Səhralar yağmuru belə gözləmir.
Tanrıya diz çökən gecələr üzgün,
Qaranlıqlar nuru belə gözləmir