Şakir Xanhüseyinli - DƏNİZİMİZ VAR DEMƏKLƏ

Ədəbiyyat 11:45 / 02.09.2026 Baxış sayı: 722

 

 

dənizimiz var deməklə

dəniz ki bizim deyildir.

qələmimiz yazırsa da,

bir söz ki bizim deyildir...

 

istərsən tut qulağını,

pıçıltım da lap ucadan;

şərə aparıb çıxaran

bir iz ki bizim deyildir...

 

dənlik bizim, dən bizimmi--

a yalana inanançı,

a xırmançı, dəyirmançı,

bir toz ki bizim deyildir...

 

dilimizin qabarına

əlimizinki çatmır ha...

o gözə işıq salmayan

bu göz ki bizim deyildir...

 

çətin olur yol yürümək,

dayanmaq ondan da betər...

əgər bilsən, baş bizimdir,

qapaz ki bizim deyildir...

 

hər ağlına çörək yeyən

ağlını bir işlədə də;

olanımız, olmazımız

bilməzmi bizim deyildir...

 

haqq gəzib haqqa varmayan

ayağa daş bağlanmalı...

utanmayan, qızarmayan

bu üz ki bizim deyildir...

 

darı bitirən zəmimiz

göz işlədikcə uzansın...

zəmi bizim, darı bizim,

donuz ki bizim deyildir...

 

görən, kimsə fərqindəmi

gedən canlar bəs kimindi;

ağacdakı bir yarpaq da

ya yüz ki bizim deyildir?!.

avqust 2026