Aida  Adıgözəlin  ŞEİRLƏRİ

Ədəbiyyat 16:48 / 03.09.2026 Baxış sayı: 657

Bu sabah beynimdə matəm marşları,

bütün mahnılara, günəşə küsmüş,

kədərli notlarla oyanıb qalxdım.

Bu sabah özümü sahildə yenə

yalqız köpəklərə sirdaş buraxdım.

Başım duman kimi, əlimdə tilov,

kədər yağışında leysana düşmüş,

ötən günlərimə qarmaq atıram.

Köpüklü dalğalar tanımır məni,

yenə əllərim boş, evə çatıram.

Yenə də tənhayıq xallı köpəyim,

evdə biraz şorba, quru çörək var,

yeməyə köhnədən bir şey tapılar.

Burda daşa basar laqeyd adamlar,

gedək, dörd divar var, bizi qoruyar.

Gedək. Sən hürərsən, səs-küy salarsan,

qaçaram qapıya sevinc içində,

bizim də zəngimiz guya basılar.

Bax, o şəkildəki ağ köynək adam,

əlləri çiçəkli, qapı açılar...

Yenə də musiqi, yenə ziyafət,

yenə yaxın dostlar, yenə qohumlar,

yenə mətbəxdəyəm, xoş qonaqlıqlar.

Yenə saçlarımı bir əl dağıdar,

yenə şirin cilvə, yenə danlaqlar...

***********

Səndən getməyə nə var ki?

Dörd-beş xəzəl alar torpaq...

Hünərin var gəl məndən get,

ağac-ağac, yarpaq-yarpaq,

dörd fəsilin hər günündə

bütün ömrünə yağaram,

çılınçılpaq qalar dünya...

Könlünü isindirməyə

birdə nə günəş taparsan.

Yer oxundan çıxar kimi

sən də kökündən qoparsan.

Sığmazsan qalaktikaya,

mənsə ovcuna sığaram,

dolannam hər gün başına.

And iç Allaha, Tanrıya,

and iç, söz ver, unut məni.

Dağıdaram şəhərləri,

dağı, daşı, çöl, meşəni,

ömrünün ən zülmətində

gecə ömrünə doğaram,

həm də ki, necə doğaram,

əriyərsən şam tək məndə...

Hünərin var gəl məndən get!

Qəfil qonaq

Bir baxarsan qaysaqlanıb yaralar,

kimsə gəlib, könlünü qapdırmısan.

Kül tökülüb qor çınqının üstünə,

ürək çaşıb, yolunu sapdırmısan.

Gələn qonaq, astaca döy qapımı,

açmayanda pəncərəmə boylanma.

Kifirəmmi, bəxtsizəmmi söylənib

əlin zəngdə, öz özündən huylanma.

Biraz gözlə, darmadağın otağım,

səpilibdi divar boyi şəkillər.

Yığışmayıb yas evimin çadırı,

boz qəbirə döşənibdi əklillər.

Yozmamışam obaşdanlıq yuxumu,

biraz kalam, ruh əhvalım qarışıq.

Çıxmamışam təsirindən gecənin,

sərsəm kimi... gözüm hələ uyuşuq.

Qış çox erkən düşdü, hava da soyuq,

deyəsən yağacaq, hava da nəmli.

Ay gələn müsafir, bir səbrin olsun,

bu səhər kefim yox, yuxum da qəmli...

Kölgə

Sən mənə tanış gəlirsən kölgə,

bir vaxt könül evimə gələn adama oxşayırsan.

Haçansa o da belə gəlmişdi,

səs-küylü,

gözəl sözlərlə doldurmuşdu can evimi.

Ruhumdakı zəlzələdən sonra xarabalıqdır,

can evim darmadağın.

Can verir ruhumda nə varsa,

uçqunlara keşik çəkir bayquşlar.

Lütfən get,

sən də bəri başdan get,

gedənlərin ayaq səsi qulağımda.

Hələ çox işim var,

dağıntıları daşıyıb

küçələri təmizləməliyəm,

yenidən şəhər salmalı,

uca binalar tikib,

pəncərələrində işıq yandırmalıyam.

Mən sevdiyimi öldürürəm özümlə bərabər,

kimə toxunuram

yanır pərvanə kimi!

Mən 12 ballıq zəlzələyəm,

dözə bilməzsən titrətmələrimə...

Get,

sən də get,

bəri başdan get,

aftoşoklar başlamamış get...

**********

Bu aralar hər şey təsəlli üçündür,

gülmək də, danışmaq da,

ovunmaq üçün şeir yazmaq da.

Hətta için-için ağlamaq da,

ciyərin sökülsə belə.

Yenə yadıma düşdü arzularımız,

biz nəyi yaşamaq istəmişdik,

nələri yaşadıq...

Bu aralar məni görməsən yaxşıdır,

turşumuş sirkə satır sifətim,

hər gün bir parça

bulud olmaqdır adətim,

hara gəldi yağıram, şirə boran.

Söyləməyim deyirdim,

bağışla,

istəmədən qaçdı yenə ağzımdan.

Biz nəyi yaşamaq istəməmişdik,

nələri yaşamadıq...

Bir zaman

Allahdan çox bilirdim sanırdım,

demə Allah daha çox bilirmiş.

Özümə məcbur

başqa tale yazmaq istədiyimə

xısın-xısın,

bəlkə də qəhqəhə çəkib gülürmüş...

Sən demə,

mən yazdıqca,

o nələri yazırmış,

o nələri pozurmuş.

Nəyi ki, yaşamaq istəməmişdik,

nəyi yaşamaq istəmişdik...

********

Ən nifrət etdiyim ölçüdür məsafələr...

Qulağımda

axıb gedən zaman diliminə

qurban olan

bədənimizdəki eşq hüceyrələrinin qışqırıqları,

mələfənin qırışlarında ağlayan pıçıltılar,

boynumun arxasında səngiyən

gilavar hənirtisi kimi nəfəs,

dodağımda qımışan ilıq öpüş...

Ən zəhləm gedən fəslidir qış fəsli...

niyə üşüdüyümü də bilmirəm.

Sanki içimdəki sobanı biri söndürüb getmiş gedər gəlməzə.

Yanaqlarımın ən çox islandığı fəslidir payız...

Kipriklərimin xəbəri də olmaz gözümdən düşənlərdən.

Ən sevdiyim fəslidir bahar,

hələ may...

məni xoşbəxt etmək üçün

bütün güllərin yalan danışıb

vədlərdən tələ qurduğu tilsimli görüş ayıdır may...

Otel otağının pəncərəsindən doğan həsrətə baxmaq,

Avtovağzal kafesində səhər çayından,

zəhər çayından qurtumlamaqdır.

Ən çox küsdüyüm fəslidir yay...

Ən çox dalaşdığım aylardır iyun-iyul-avqust,

ən çox yerə düşüb qırıldığım,

ən çox unudulduğum,

ən çox barışıb ayrıldığım,

içimdəki uşağın dil açıb danışdığı fəslidir bu ay...

Gənə kimi canıma daraşmış sənsizliyin

qapısında

şöngümüş ayrılığın

ilan kimi soyuq gözləri ətimi ürpəşdirir.

Demə getdikcə daralan dalanın ucunda

kiçilən,

öləziməkdə olan ümidin adıymış qaranlıq.

Ən uzaq yola götürən körpüdür fəsillər...

Ondan sevmirəm körpüləri,

çünki ən nifrət etdiyim ölçüdür məsafələr...

*******

Mono

Körpə gülürdü beşiyində ,

məsum çöhrəsində təbəssüm səyriyirdi.

Hərdən dodaqları dartıllrdı yuxuda

onu güldürən nəyəsə.

Sinəsi qalxıb düşürdü,

sirli sirli nəfəs çəkməyi aparırdı adamı.

bükülmüş əli arasından çıxan barmağı isə

dünyaya nəsə göstərirdi...

× × ×

Hamıdan gizlənmişdik,

çəkilmişdik yeraltı mağaramıza.

Adamlar bizi görmürdü...

Biz özümüz yerimizi bildirdik onlara,

qar uçqunu başlayanda,

zəlzələ olanda,

vulkan püskürəndə,

sel gələndı...

× × ×

labirintə düşmüşdüm,

ömrün başına dolanırdım,

sənə rast gəldim.

Sənin başına dolanmağa başladım,

nə gizlədim,

sənin başına dolanmaq

bütün ömrün başına dolanmaqdan

daha gözəl idi.

× × ×

Kirli saçları pırtlaşıq qızcığaz

kəndir yelləncəkdə,

düşən yandırıcı

gün şüalarına baxmayaraq

üzündə nikbin təbəssümlə,

bitli başını qaşıyıraq yellənirdi.

Ac idi,

anasını gözləyirdi,

işdən gələcək,

ona yemək verəcəkdi.

Qonşu həyətdə oynayan,

nənəsi tərəfindən əzizlənən

rəfiqələrini isə

anası çoxdan günorta yeməyinə səsləmişdi.