SÜLEYMAN ABDULLA. - TƏNHALIĞA YOLÇULUĞUN ŞEİRİ

 

Ədəbiyyat 18:00 / 03.09.2026 Baxış sayı: 630

 

Dəlilərə yol verməklə,

axmaqları yola verməklə

keçdi ömrümüz.

Əl tutduğumuz əlimizi qopardı,

əl verdiyimiz barmağımızı...

Ələ saldılar mərhəmətimizdən yararlanıb,

Oysa ki, avamlıq sayırlarmış

biz səxavət bildiyimizi...

Xainlərin işidir adam ələ vermək - dedik, -

amma,

ələ verdilər bizi bəhrələnib mərdliyimizdən.

...Dəli ol el dərdini çəksin...

məsəli bizə aid deyil, dostum,

biz ağlımız itənəcən

ağıllı olmaq məcburiyyətindəyik...

Ətraf hər cür adamla dolu,

bunun gici var,

bici var,

kələkbazı var,

fələkbazı var...

Canisi,

fanisi...

Cəfakeşi,

səfakeşi var...

Şir kimi kükrəyən tülküsü,

it kimi hürən çaqqalı var.

Birinin aşağı tüpürməyə bığı,

digərinin yuxarı tüpürməyə saqqalı var.

Adam danlayan ahılı,

nadanlığını çətin anlayan cahılı var...

Üzünə salıb üzə duranı bir başqa dərd,

düzü düzdə qoymaq üçün

cürbəcür hiylə quranı bir başqa...

Sözü ayda,

gözü çayda olanlara bax,

dillərindən əməllərinə sonsuzluqdur məsafələr.

Dünyanın ən gözəl yeridir tənhalıq,

qapılmaq öz içinə,

çəkilmək öz qınına,

dalmaq öz aləminə...

Dostum,

könül rahatlığı tapmaq istəyirsənsə,

bu gözəlliyi sən də sına!

Əks halda,

dəlilərə yol,

axmaqları yola verməklə keçir ömrümüz...

03. 09. 2026.