Şakir Xanhüseynli - HEÇ NƏdən şeir
Əlimi çəkirəm heç nəyin üstə,
heç nəyə baxıram göz qırpmadan mən...
Qəlb odum şehlənir kirpiyim üstə,
düşmür ki, heç nəyin adı dilimdən...
Adam heç nəyini hər şey bilirsə,
hər söz yığınını şeir bilirsə,
Yüngülü, puçası ağır gəlirsə,
gəl də tikanını ayır gülündən...
Qamçısı havada yellənir şərin,
acısı, zəhəri şirindən şirin...
Düzünü axtarma əyri işlərin,
ucada dayanır dayaz dərindən...
Hər şeydən bir sual, cavabı heç nə,
günahı bir dünya, savabı heç nə;
Əsla düşündürmür avamı heç nə,
bir heç nədi ancaq keçən könlündən...
Heç nə də bir miras, heç kimə qaldı...
doğanağın dərdi örkənə qaldı...
Biçən biçdi, əzab əkənə qaldı,
nə barından doydu, nə bəhərindən...