Sabir  Zəkullaoğlu - Allahla borc dəftərim

YAZARLAR 09:46 / 15.11.2026 Baxış sayı: 1025

 

Dinə inam ehtiyacdan yaranır. İnsan dalana dirənəndə, əlacsız qalanda nəyə gəldi inanmaq, kimdənsə kömək diləmək istəyir. Kasıblıqdan, əzabdan və çarəsizlikdən qurtulmaq üçün özünə bir güc mənbəyi, bir xilas yolu axtarmağa başlayır.

Axı kefi kök, damağı çağ, varlı-dövlətli adamın Allah nəyinə lazımdır? Allahdan istəyəcəyi şeylərin hamısı onsuz da özündə var...

Kasıb vaxtlarımdır. Pul atlı olub, mən də piyada. Qazana bilmirəm.

Əlacsızlıqdan nə arzulayır, hansı işə əl atıramsa, Allahı da özümə şərik edirəm ki, bəlkə işim uğurlu alınar, bəlkə qazanaraq. Ümid qalıb Allaha.

Ancaq hələ ki bu variant da yaxşı nəticə vermirdi.

Hesablamalarıma görə, beş qazanacağım yerdə cəmi üç qazanırdım. Üstəlik, Allahla şərik olduğum üçün o üçü də onunla yarı bölməliydim. Çünki şərtimiz belə idi. Ancaq bölə bilmirdim. Çünki evin kirayə pulu, kommunal xərclər, bir də evin digər tələbatları imkan vermirdi ki, Allahın payını verim.

Əlacım kəsildi. Bir ümumi dəftər aldım. Zatən bir borc dəftərim vardı. Ancaq bu, bir az fərqli, bir az da bahalı, rəngli dəftər idi.

Bu dəftərə yalnız Allaha olan borclarımı yazırdım.

Doğrusu, o biri, yəni insanlara olan borclarımı versəm də, Allaha olan borcum günbəgün üst-üstə yığılırdı. Verə bilmirdim. Düşünürdüm ki, insanlar səbirsizdirlər, borca dözmürlər. Ancaq Allahın səbri böyükdür. Həm də Allaha nə izah verim ki? Özü vəziyyəti görür də...

Deyirlər dərd gələndə batmanla gəlir. Kasıblıq bir yandan, bir yandan da bu ara yoldaşım xəstələndi. Həm də necə?

Xərçəngin lap təzə dəbə düşdüyü vaxtlardır. Elə kim ölsə, deyirdilər, rəhmətlik o yava xəstəlikdən getdi...

Biz də öz aramızda artıq yoldaşıma xərçəng diaqnozu qoymuşduq.

Həkimə getməzdən əvvəl Allahla öz aramızda olan borc dəftərinə bir qurbanlıq qoç yazdım.

Yazdım ki, sabah həkimə gedəndə müayinənin nəticəsi pis çıxmasa, mən İbrahimin İsmayıl üçün kəsdiyi qoçdan da böyük, qara, özü də buynuzlu bir qoç alıb kəsəcəyəm, ətini də paylayacağam.

Özüm də ət işində çalışıram.

Təbii ki, insan həkimə gedəndə ilk növbədə tanıdığı, dost-tanışının yanına getməyi düşünür.

Biz də tanıdığımız, yaxın "dost"lardan birinin yanına getdik. Özəl klinikaya.

Həkim məni "nə yaxşı gəlmisən" deyib, min bir dillə qarşıladı.

İlkin baxışdan sonra bizi kassaya yönəltdi.

"Dostum" kassada klinikanın aylıq xərclərinin bir qismini analiz adı ilə məndən aldı.

Özü də mənimlə ikilikdə söhbət edərkən, otaqda bizdən başqa heç kimin olmamasına baxmayaraq, pıçıltıyla dedi; təəssüf ki, böyük ehtimalla nəticə müsbət olacaq. Bədxassəli şiş əlamətlərini hiss edirəm...

Mən dərhal aşağı düşüb, maşına tərəf qaçdım. Allahla olan borc dəftərimdə qoç qurbanlığının altından bir cöngə də yazdım.

Əlimi göyə qaldırıb dedim, ya Allah, analizlərin cavabı müsbət çıxmasa, bir cöngə də əlavə alıb kəsərəm!

Cavab müsbət çıxdı: bədxassəli şiş, xərçəngin dördüncü fazası.

Başladıq ağlamağa, Allaha yalvarmağa...

Dedim, ay Allah, mənim vəziyyətimi hamıdan yaxşı sən bilirsən. İtin günündə yaşayıram. Sənə də borcum hər gün artır. Axı bu, sənin əlində olan işdir. Məndən nəzərlərini əsirgəmə...

Bolluca ağladıq.

Ağlamaq üçün köməyə bütün yaxınlarımızı da çağırdıq.

Səhəri gün alternativ müayinə üçün Milli Onkologiya Mərkəzinə getdik.

Orada Rasim həkim vardı-ağdamlı. Qapısında uzun bir növbə...

Biz də növbəyə durub gözlədik.

Növbəmiz çatdı. Rasim həkim xəstəni heç bir əlavə analizə göndərmədən, sadəcə vizual müayinə ilə diaqnoz qoydu və əməliyyat gününü təyin etdi və dedi; adi bir şişdir. Qadınlarda doxsan faiz müşahidə olunan haldır. Sən çalış, "dostunu" dəyiş. Bu xəstədə xərçəngdən söhbət gedə bilməz.

Aşağı düşən kimi yenə də qaça-qaça maşına tərəf getdim. Allahla olan borc dəftərimi götürüb siyahıdan cöngəni sildim.

Qara qoça isə dəymədim. Dedim, eybi yox, onu alıb kəsərəm.

Bu günə qədər həmin dəftərdəki borcların hamısı durur. Ancaq insanlara olan borclarımı ödəmişəm, hətta faizləri ilə birlikdə...

Düşünürəm, borclu borclunun sağlığını istər. Bir gün Allahın da xəcalətindən çıxaram..