RÜZGAR

Gündəm 14:00 / 07.08.2026 Baxış sayı: 836

 

Deyirlər insanın adı taleyinə təsir edir. Onun taleyində də beləmi oldu? Rüzgar kimi gəldi keçdi ömründən olanlar? O da oxucularının ömründə bir yaz rüzgarı oldu. O-Rüzgar Əfəndiyeva. Onunla nə vaxt və harda tanış olduğumu xatırlamıram. Amma son dəfə “Maarif” nəşriyyatında görüşdük. Asta, səmimi səslə “Şeirlərinizi gətirin, dərsliklərə salaram” dedi.Niyə şeirlərimi aparmadığımın səbəbini hələ də bilmirəm. Mən də olur belə qəribəliklər. Onunla sonra hardasa rastlaşdıq. “Niyə gəlmədin?”-dedi, -kim olsa, əl çəkməzdi. Bunu da əlavə etdi. Onda, yəni 1994-2005-ci illərdə  1975-ci ildən kiçik korrektor kimi işə başladığı “Maarif” nəşriyyatında “Azərbaycan dili və ədəbiyyatı” dərslikləri redaksiyasının müdiri idi. İndi çox peşimanam, amma nə faydası? Ona əminəm ki, Rüzgar xanım kimi ürəkli adamlar çox azdır.

9 may 1947-ci ildə Bərdədə doğulmuşdu Rüzgar Şahmar qızı Qurbanova.Bərdə şəhər 3 nömrəli orta məktəbdə təhsil almışdı. İlk şeirlərini də məktəb illərində yazmışdı.Və ilk dəfə 7-ci sinifdə şeirini oxuyan Əli müəllim “Sən şairsən” demişdi. Əli müəllim səhv etməmişdi. 

1965-ci ildə ADU-nin filologiya fakültəsində təhsil alan Rüzgar xanım 1970-1974 – cü illərdə Bakıdakı 248 nömrəli məktəbdə müəllim işləyir. 1970-ci ildə ailə qurandaƏfəndiyeva soyadını götürür. İki oğul böyüdür: Zamin və Emin. Həyatı boyu misralar onun ən yaxın dostu, dayağı olur. 23 yaşında olan Emini itirəndə də... .

Dünya gözümün içində,

Ömrüm dözümün içində,

Öldüm özümün içində,

Bir misram qolumdan tutdu.

 

İlk şeirləri tələbəlik illərində çap olunur.

“Unuda bilməzsən”, “Gözlə”, “Ömürdən keçən illər”, “Lalənin ləçəyi”, “Aydınlıqdan gedən yolda”, “Gedən də var, qalan da var”, “Xatirələr çiçəkləyəndə”, “Əbədi günəş” və s. şeir kitablarının müəllifidir.

Rüzgar Əfəndiyeva həm də gözəl nəsr əsərlərinin müəllifidir. Onun “Yol gözləyənlər” povesti əsasında radio tamaşanın hazırlanması təsadüfi deyil. Bir çox maraqlı hekayələri ilə oxucuların diqqətini çəkən Rüzgar xanım Vasif Adıgözəlovun “Natəvan” operasının ariya və duetlərini də yazmışdır.
1967-ci ildə Ulduz jurnalında dərc olunan artıq ədəbi mühitdə tanınan,sakitliyi, təvazökarlığı ilə  ilə seçilən qızılı saçlı Rüzgarın yaşıl gözlərindən bir kədər, bir nisgil boylanırdı həmişə. 

 

Tənə də, giley də yersizdir daha,

Qaytar o alışan, yanan eşqimi.

Sənin ki, ürəyin buz bağlayıbdır,

Qaytar o üşüyən, donan eşqimi.

Mənim ürəyimdə dünyaya gəlib,

Sənin ürəyində sönən eşqimi.

Çoxumuz bu misraları eşitmişik. Əzbər bilənlər də az deyil. 1969-cu ildə “Azərbaycan gəncləri” qəzetində “Axtarma məni”şeiriin taleyi də belə oldu.

Çıxıram dağlara ay gülüm, sənsiz,

Dağ da qəribsəyər dumansız, çənsiz.

Dolan bu dünyanı, get dolan mənsiz,

Peşiman olsan da axtarma məni..

 

Bu şeirdə mahnıya döndü. Rüzgar xanımın fərqli dünyası vardı elə bil. Onun yaradıcılığına da yansımışdı bu fərqlilik. Bu fərqliliyi istənilən mövzulu şeirlərində hiss edirdin.

Mənə küskün baxanım, görən nə günahım var,
Yavaş-yavaş addımla, yollarında ahım var.

Rüzgar Əfəndiyeva Qələbənin sevincini yaşamadı. Amma Vətən dərdi şeirlərindən boylandı. Onun Qarabağ dərdli şeirlərindən sən də yaralanırsan..

Yollar binədən yaralı,
Dağlar sinədən yaralı,
Yamac, çöl-çəmən yaralı,
Gülündə sola bilmədim.
Şuşam – asılı havada
Yaralı quşsan yuvada.
Yad məni səndən qovanda
Nədən hay sala bilmədim.

 Birbaşa ürəyimizə toxunan misralar. Dili o qədər aydın, şirindi ki,sözlərinə yazılan mahnılar çox sevilirdi. Əslində bu mahnıların sözləri dillər əzbəri olurdu.
Aylar, illər bilir nələr çəkmişəm,
Eşqindən könlümə yollar çəkmişəm.
Gəlməsə, ömrümə buludu çökər,
O sənli günlərin, sənli günlərin.

İmzası mətbuat səhifələrində görünəndən Rüzgar xanımın poeziyası bəstəkarların diqqətini çəkir. Minlərlə mahnılar yazılıb və yazılır. Amma hər mahnı mətni yadda qalmır.

Səninlə ağlaram,
Səninlə gülərəm.
Dönüb qocalığa,
Qapına gələrəm.
Unuda bilməzsən…

Elə oldu Rüzgar xanım. Bizimlə ağlayıb, bizimlə gülən Rüzgar xanım.  Unuda bilmədik. Sadəcə siz misralarınızla dönürsüz qapımıza.

P. S. Amma…Axtarış etdim. Onun  bircə şəklini tapdım…

 

Kamalə Abiyeva, şair, publicist.