HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR

MƏDƏNİYYƏT 13:18 / 07.08.2026 Baxış sayı: 648

 

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı layihə üzərində işlər uğurla davam etdirilir. Bu barədə məlumat verən təşkilatın üzvü, filologiya üzrə fəlsəfə doktoru,  aşıqşünas və ustad aşıq Altay Məmmədli bildirib ki, hazırda sentyabr ayında təşkil olunacaq Borçalı aşıqlarının konsertində çıxış edəcək aşıqların müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. Eyni zamanda tədbirin ssenarisi və aşıqların repertuar seçimi üzərində iş aparılır.

A.Məmmədli onu da əlavə edib ki, ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Borçalı aşıq mühiti barədə daha ətraflı məlumat toplamaq və bölgənin ustad aşıqları ilə görüşmək üçün hazırda Gürcüstandadır və burada ayrı-ayrı sənətkarlarla görüşlərini davam etdirir.

Layihə çərçivəsində,Borçalı aşıq mühiti və bu mühitin yetişdirdiyi görkəmli ustad sənətkarların repertuarında zaman-zaman  mühüm yer tutmuş aşıq havalarının bir qismini əhatə edəcəkkonsertin sentyabrın birinci yarısında keçirilməsi nəzərdə tutulur.