PAYIZ DÜŞÜNCƏLƏRİMDƏN: - SƏNSİZLİK

YAZARLAR 12:30 / 21.09.2026 Baxış sayı: 48

 

Payız artıq şəhərin küçələrinə də, ruhumun dəhlizlərinə də tam sahiblənir. Göy üzü günlərdir ki, boz bir kədər xalatına bürünüb,

buludlar sanki yerə enmək, içindəki bütün yükü bu yorğun şəhərin üstünə boşaltmaq istəyir. Ağaclardan qopan son sarı yarpaqlar küləyin qoynunda sonuncu rəqsini edərək torpağa sığınır – eynilə mənim sənə sığınmaq istəyən, amma hər dəfəsində yerə çırpılan ümidlərim kimi. Havanın bu soyuq, rütubətli nəfəsi pəncərəmi döydükcə içimdəki sənsizlik adlı o böyük boşluq daha da böyüyür, üşüdür məni.

Ruhum elə bir həddə çatıb ki, bəlkə də mən artıq mən deyiləm, zamanla yoxluğuna bükülə-bükülə elə sənə çevrilmişəm. Səndən uzaqda nə varsa – adlar, tarixlər, şəhərlər – hamısı silinib yaddaşımdan. Yalnız sən qalmısan, bir də bitmək bilməyən bu sonsuz həsrət. Gözlərim hər gecə bir damla şirin yuxuya tamarzı qalır, lakin səninlə yaşanan o xatirələr yuxu gözlərimə sızmasın deyə keşik çəkir. Amma bilirsənmi ən dəhşətlisi nədir? Artıq o köhnə, titrək xəyalların da bu qırıq qəlbimi ovutmağa gücü çatmır.

Çöldə payız öz rəsmini çəkməkdə davam edir, buludlar göy üzünün göz yaşları kimi süzülür bura. Yağış damlaları pəncərə şüşəsində rəqs etdikcə, içimdəki o köhnə yaralar yenidən sızıldayır. Gecələr ağrılar daha amansız, daha cəllad olurmuş sən demə. Gecənin o vahiməli, ağır sükutu qəlbimin üzərinə bir daş kimi oturur. Sənsiz bu qaranlıqlar da mənə düşmən kəsilib, üzümə durur, nə zaman irəli gedir, nə də intizarında qaldığım o səhərlər açılmaq bilir.

Baxıram pəncərədən... Sahildə dalğalar dənizin bağrını döyəcləyir, sanki o da mənim kimi tapmadığı dincliyin fəryadını qoparır. Sahildə tənha qalan qağayılar da elə bil mənim taleyimi pıçıldayır bu soyuq rüzgara. Başımın üstündən sırayla köçüb gedən durnalar isə sanki ruhumun son ümidlərini də öz qanadlarında uzaq diyarlara daşıyır. Artıq nə bu ağrılara dözməyə taqətim var, nə də bu tənhalığa sinə gərməyə gücüm yetir. Sənsizlik səbrimin son damlasını da talan edib apardı. Amma nə qəribədir ki, özün yoxkən xəyalın bir an belə gözümdən itmir, kölgə kimi izləyir məni. İndi mənim dilimdən, mənim bu yanıqlı fəryadımdan, özündən soruş: bir insanı yoxluğunla bu qədər var etmək hansı kitabda yazılıb?..

✍ Sevil Azadqızı

20.09.2026