Coşqun  Xəliloğlu - TƏQAÜDÇÜ NEFTÇİNİN XEYİRXAHLIĞI

YAZARLAR 10:38 / 20.09.2026 Baxış sayı: 140

 

(HEKAYƏ)

“Həyatda ən böyük xoşbəxtlik — ömrümüzün hər anında kiməsə lazım olduğumuzu hiss etməkdir.” — Lev Tolstoy

Artıq bir neçə dəfə idi ki, “Sahil” metrosunun çıxışında – şəhərin ən gur, səs-küylü nöqtələrindən birində ağsaçlı, nurani görkəmli, təxminən 65-70 yaşlarında bir kişi ilə rastlaşırdım.

Onu ilk dəfə eskalatordan əlindəki ağır çantanı çıxarmaqda çətinlik çəkən bir qadına kömək edərkən görmüşdüm. Sonralar o, diqqətimi daha çox çəkməyə başladı. Bir gün metronun çıxışını səhv salan tələbə qıza istiqamət verir, başqa bir gün yaxınlıqdakı xəstəxananın ünvanını yaşlı bir kişiyə sanki dogma adamıymış kimi dəqiqliklə izah edirdi. Növbəti dəfə isə əlindəki xəritəyə çaşqınlıqla baxan xarici turistlərə dənizkənarı bulvarın səmtini xüsusi bir mehribanlıqla anladırdı.

Onun çöhrəsindəki qəribə, uşaqcasına səmimi ifadə və insanlara kömək edərkən gözlərində yaranan qəribə bir parıltı məni çox təəccübləndirirdi.

Nəhayət, bir səhər metrodan yenicə çıxmış bir nəfərə Mərkəzi Bankın yolunu səbrlə izah edib yola saldığını görəndə onun kimliyini öyrənməyi qərara aldım. Dostlarımdan biri ilə görüşməli idim, vaxtıma düz 45 dəqiqə qalırdı. Yaxınlaşıb mülayim səslə soruşdum:

– Salam, əmi. Bağışlayın, bir neçə dəfədir Sizi buralarda görürəm. Hər gün həvəslə, usanmadan kiməsə kömək edirsiniz, ünvan göstərirsiniz. Maraqlıdır, nə yaxşı bu işləri görürsünüz? Yorulmursunuz ki? – deyə soruşdum.

Kişi mənə dönərək diqqətlə üzümə baxdı. Xoş təbəssümü gözlərinin ətrafındakı dərin qırışları bir qədər də artırdı. Səsinin tonunda yaşına yaraşmayan bir güc, bir gənclik enerjisi vardı.

– Əleykuməssalam, oğlum – yorulmaq nədir? Əksinə, mən bura gələndə ruhən dincəlirəm. İstəyirsənsə, gedək oturaq, bir az söhbət edək, – deyərək yaxınlıqdakı Sahil bağına işarə etdi.

Bağa keçib ağacların kölgəsindəki oturacaqların birində əyləşdik. O, sinədolusu nəfəs alıb göy üzünə, topa-topa süzən ağ buludlara baxaraq həyat hekayəsini danışmağa başladı:

– Təqaüdə bu yaxınlarda çıxmışam. Ömrüm boyu Neft Daşlarında, Xəzər dənizinin ortasındakı polad dirəklər üzərində yerləşən buruqlarda işləmişəm. Ali təhsilli mühəndisəm. Həyatım platformalarda – bəzən şıltaq, bəzən sakit dənizin qoynunda keçib. Günlərlə yuxusuz da qalmışam, qaynar istidə də, iliyə işləyən dondurucu şaxtada da, leysan yağışlar altında da çalışmışam. Ac-susuz vaxtlarım da olub. Növbə metodu ilə işlədiyimdən dənizə ya vertolyotla, ya da gəmi ilə getmişəm. Növbəni qurtarıb evə qayıtmaq istəyəndə hava şəraiti dəyişib, Xəzər kükrəyib-coşub, gəmilər işləməyib. Yaxud quyuda gözlənilmədən qəza baş verib. Buna görə də günlərlə, bəzən hətta bir ay evimdən-eşiyimdən, ailəmdən, şəhərin gündəlik həyatından uzaq qalmışam. Məsul vəzifədə çalışdığımdan evdə olanda da həmişə iş yerimlə əlaqə saxlamışam. Fikrim, düşüncəm yalnız qazdığımız quyular, orada çalışan insanların sağlamlığı olub. Gündəlik işlərin gərginliyi və bitib-tükənməyən narahatlığı məni elə vəziyyətə salırdı ki, heç köhnə iş yoldaşlarımla da əlaqə saxlamağa həvəsim olmurdu. Peşəmi çox sevirdim. Əməyimin nəticələrinin Vətənimizin tərəqqisinə, insanların rifahına xidmət etdiyini də yaxşı anlayırdım və şərəfli peşəmlə fəxr edirdim. Lakin həyatım sanki bir qaçhaqaçdan, qovhaqovdan, istehsalat planlarından, rəhbərliyin tapşırıqlarını yerinə yetirməkdən ibarət idi. Təsəvvür edirsənmi, məni qonşularım da düz-əməlli tanımayıblar. Hətta bir dəfə qonşunun oğlunun toyuna gedəndə məni qız evinin adamı hesab edib gəlinin qonaqlarının yanında əyləşdirmişdilər, – deyə təzə tanışım gülərək şirin xatirələrini bölüşməyə davam etdi: – Hələ… qonşumuz Əsbət xalanın, evimizin yanındakı mağazada bizi bir yerdə görəndə, xanımımdan mənim kim olduğumu soruşması lap gülməlidir, – o, mənalı baxışlarla üzümə baxaraq söhbətinə davam etdi, – uşaqlarımızın böyüməsində, təhsil almasında məndən çox həyat yoldaşımın zəhməti olub. Düzdür, yaxşı maaş almışam, zəhmətimin müqabilində ailəmi firavan dolandırmışam. Amma hər kəs müəyyən peşə sahibi olmaqdan əvvəl, ilk növbədə insan olduğunu unutmamalıdır.

Təqaüdə çıxandan sonra düşünməyə kifayət qədər vaxtım oldu. Keçdiyim həyat yolunda xəyalən geri boylanıb fikirləşdim və özümə sual verdim: “A kişi, uzun illər ərzində sən dənizdə quyular qazdın, neft dərin qatlarından neft və qaz çıxardın, ölkəyə xeyir verdin. Bu, çox gözəl işdir. Bəs ətrafındakı insanlara, qohumlara, qonşulara, ehtiyacı olanlara birbaşa nə faydan oldu?” Özümə cavabım məni kədərləndirdi. İşin gərginliyindən, dənizin narahatlığından adi bir insani xeyirxahlıq eləməyə, vaxtım, bəlkə də diqqətim, olmayıb. Elə bil ətrafımdakı insanlar arasında tamamilə kənar, yad bir adam idim.

İndi isə fərqli yaşamağın, əsl xeyirxahlığın nə olduğunu bildiyimdən bunu şəxsi nümunəmlə göstərmək istəyirəm.

Təəccüblə onun üzünə baxıb soruşdum:

– Yəni hər gün sırf buna görə bura gəlirsiniz? Başqa işiniz-gücünüz yoxdur?

Qocaman neftçi gülümsədi, əlini nəvazişlə çiynimə qoyub söhbətinə davam etdi:

– Bəli, bala. İndi gün rejimim dəyişib. Səhər tezdən dururam, idmanımı edirəm, səhər yeməyimi yeyirəm və həftədə 3 gün – bir həftə tək günlər, növbəti həftə cüt günlər olmaqla – metronun çıxışına gəlirəm. Əvvəllər dənizdə neft axtarırdımsa, indi şəhərin ortasında köməyə ehtiyacı olan insanları, kimdənsə yardım diləyən baxışları axtarıram. Mümkün qədər günortaya kimi kiminsə işinə yaramağa, şəhərin bu izdihamında çaşıb qalanlara yol göstərməyə çalışıram. İşim tək bura ilə bitmir. Qonşularda bir hadisə baş verəndə, birinin çətinliyi olanda ora ilk qaçanlardan biri mən oluram. Bilirsən, mən artıq heç bir pul, şöhrət, ad-san iddiasında deyiləm. Yaxşı təqaüd alıram. Övladlarım da böyüyüblər, təhsil alıblar, işləyirlər. Həm oğlumun, həm də qızımın gözəl ailəsi var. Dörd nəvəmin “baba” müraciətindən gözəl nə ola bilər ki... Onlarla da vaxt keçirməyi unutmuram. Baba kimi nəvazişimi, maddi dəstəyimi onlardan əsirgəmirəm. Nənələri də onların qulluğunda durur, nazlarını çəkir. Amma hiss edirəm ki, insan yalnız ailəsi üçün yaşamamalıdır.

– Bəs məhz metronun ətrafını niyə seçdiniz?

– Bayaq dedim, işim həmişə səsli-küylü bir mühitdə olub, həmişə aktiv şəraitdə çalışmışam, hərəkətdə olmuşam. Həm müxtəlif avadanlıqların, həm də insanların gur səsinə öyrəşmişəm. Sakitlik olanda çox darıxıram. Həm də burada bəzən köhnə iş yoldaşlarıma da rast gəlirəm. Dənizdə keçirdiyimiz günlərdən, indi artıq xatirəyə dönmüş çətinliklərdən danışırıq.

Mən sadəcə istəyirəm ki, həyatımın bundan sonrakı hissəsini təmiz, xeyirxah işlərə sərf edim. Adamların o səmimi "çox sağ ol" kəlməsi var ha... Bax, onu eşidəndə sanki mənə dünyanı verirlər!

Kişinin qəlbindən gələn bu düşündürücü sözləri məni dərindən heyrətləndirdi. Biz çox vaxt xeyirxahlığı böyük maddi əməllərdə axtarırıq. Amma qarşımda dayanan bu keçmiş neftçi mənə sübut edirdi ki, əsl xeyirxahlıq – metro çıxışında yolu səhv salmış birinə yol göstərmək, qohum-qonşunun dərdinə şərik olmaq, insanlara təmənnasız zaman ayırmaqdır.

İllərin ağır sınağından, çıxmış o güclü əldə qəribə bir hərarət vardı.

– Maraqlı söhbətinizə görə təşəkkür edirəm, əmi. Bu gün mənə sadəcə yol yox, həm də həyatın, yaşamağın ən gözəl yolunun istiqamətini göstərdiniz. Sizin sayənizdə mən də ətrafıma başqa gözlə baxacağam.

– Sən də sağ ol, bala. Yolu düzgün tapmısansa, deməli, bu günlük missiyamın bir hissəsini tamamlamışam, – dedi və mənə xeyir-dua verdi.

Ayrılarkən o, yenə də gülümsədi və Xəzərin xəfif mehli havasını udaraq köməyə ehtiyacı olan növbəti insana doğru “Sahil” metrosunun girişinə tərəf addımladı. Onun arxasınca baxa-baxa beynimdən belə bir fikir keçdi: Bakının metrosu təkcə qatarları, yaraşıqlı stansiyaları ilə deyil, həm də belə təmiz qəlbli, saf niyyətli insanları ilə gözəldir.

03-11.09.2026