Məmməd  Qədir - Çıxar

Ədəbiyyat 10:41 / 19.09.2026 Baxış sayı: 192

 

Gözəl qəvvas imiş ilham pərisi,

Hecaya baş vurar, əruzdan çıxar.

İgid nə peyvəndə, calağa düşməz,

Kökdən pöhrələnər, - ər izdən çıxar.

 

Alnıma oxunmaz yazılar düşüb,

Günüm gün görəndə qəzalar düşüb,

Bəxtimə günahsız cəzalar düşüb,

"Ürək yorulanda tər gözdən çıxar ".

 

Karvanmı, köçmüdü, nərdimi dağlar,

Saçları ağarmış ərdimi dağlar,

Salar ürəyinə dərdini dağlar,

Göz yaşı bulaqdan, kəhrizdən çıxar.

 

Hər gələn baharla qan təmizlənər,

Sübhəcən çarpışar, dan təmizlənər,

Keçib bir ölümdən can təmizlənər,

Halalımız qalar, şər bizdən çıxar.

 

Ömür tarlasına kotanam, xışam,

Qəmlə arkadaşam, dərdlə tanışam,

Sözün qılıncını ovxarlamışam,

Dərbənddən vuraram, Təbrizdən çıxar..