Sabir Zəkullaoğlu - Lütfən, Qarabağda yolka əkməyin.

YAZARLAR 10:18 / 18.09.2026 Baxış sayı: 257

Torpaqlarımız işğaldan azad olunandan sonra dərhal orada tikinti-abadlıq işləri görülməyə başladı.

Bu çox gözəldir. Bu, dövlətin gücü, o torpaqların gerçək sahibinin öz doğma yurdlarına qayıtması deməkdir.

Orada görülən işlər barədə mütəmadi çəkilişlər, canlı bağlantılar, reportajlar görəndə ürəyim dağa dönür.

Hələ orada keçirilən beynəlxalq tədbirlər, Qarabağ Universitetinin açılması, ölkəmizin müxtəlif bölgələrindən olan abituriyentlərin ən yüksək balla məhz bu universiteti seçmələri, bu universitetdə oxumaq istəkləri adamı qürurlandırmaya bilmir.

Ümumiyyətlə Qarabağ artıq qürur mənbəyimizə çevrilib.

Qəhrəmanlığımız, idmanda futbolumuz, mədəniyyətimiz Qarabağla asiosasiya olunur; Şuşa mədəniyyətimizin paytaxtıdırsa, Laçın, Kəlbəcər də bizim əzəmət, kişilik rəmzimizdir.

Nədənsə Kəlbəcər deyəndə gözümün önünə Koroğlu kimi cüssəli, caydaq bir igid, Şuşa deyəndə nazlı, səravi boylu, ağ örpəkli bir xanım gəlir.

Mən Qarabağda təbiətin əsl harmoniyasını görürəm.

Zatən harmoniyada kənar hər şey yamaq kimi, yad kimi görünür.

Çəkilən yollar, salınan tunellər təbiətə rəng qatır, gözəllik verir.

Bu gözəllikdən təbiət də xoşbəxt görünür.

Ancaq hər dəfə mən bu gözəllikləri seyr edəndə, orada salınmış yeni tikililərin ətrafında əkilmiş yolka ağaclarını görəndə içimə bir vahimə, qorxu düşür.

Yolka görəndə elə bilirəm o ağacları ora ruslar əkib. Mənə elə gəlir, o ağacların şitillərini Moskvadan göndəriblər.

Yenə işğal, yenə imperiya ağacları...

Bu məni çox qorxudur.

Dünyanın harasında yolka ağacı görsəm, elə bilirəm onu ora rus əkib, şitili Moskvadan gəlib...

Lütfən, Qarabağda yolka əkməyin.

Qarabağın öz təbiətinə uyğun, oranın havasına, suyuna doğma olan ağaclar əkin.

O yolkanın aldığı karbon da, verdiyi oksigen də haramdır.

Barsız, bəhərsiz...

Barı bir kölgəsi olsaydı, deyərdim hə, kölgəsi də yox...

Əkməyin, lütfən əkməyin...