Firidun Agazadə : - Onsuz da çox olur itirdiyimiz
Onsuz da çox olur itirdiyimiz,
il düzəldə bilmir günün səhvini.
Yaşamağa tələs – açmağa tələs
bu dolaşıq düşmüş vaxt kələfini.
Yaşamaq həvəsi dincə qoyulmaz,
ümidə, istəyə, gümana tələs.
Var isə zamanı qabaqlayanlar,
arzu qanadında cahana tələs.
Sünbültək dən tutsun ömrün anları,
fikir bağbanları, söz bağbanları
vaxta gözlərindən su içirərlər.
Özünə yağıdı, özünə qənim
vaxtı öldürənlər, vaxt keçirənlər.
Yaşamağa tələs, vaxtında tələs
yaşamaq həvəsi dincə qoyulmaz.
Bunu ki bilirik,
vaxtsız ölümlər
nə qədər geciksə vaxtında olmaz.
Yaşamağa tələs!
Döyün bu həyatın damarlarında
nəbzinlə qoşa!
Sənə bəxt verilən, tale verilən
sənə ömür olan hər anı yaşa!