Əlirza HƏSRƏT- KÖVRƏLDİM
Hər sevdaya təzim edən bəndə mən,
Düşməmişdim heç belə kəməndə mən.
Uça-uça qayıtmışdım kəndə mən,
Gördüm dağlar boynun burub,kövrəldim.
Kim çıxartdı bu milləti yolundan?
Büdrəyənin kim tutacaq qolundan?.
Yetim qalan o qızılgül kolundan,-
Bircə solğun çiçək dərib kövrəldim.
Daha məktəb yolumuzu ot basıb,
Şəklimizi dağlar köksündən asıb.
Hamı köçüb,nə varlı var,nə kasıb,
Gözüm doldu,qərib-qərib kövrəldim.
Xatirələr pərvazlandı xəzəldə,
Ömrüm-günüm,beləydimi əzəl də?
Arxamızca su atan o gözəl də,-
Ah,eləyib daha qürub,kövrəldim.