Vaqif Aslan : ""Könül və can birliyi "Vurğun və Azərbaycan" birliyidir!"

MÜSAHİBƏ 18:22 / 17.09.2026 Baxış sayı: 179

 

 

 

Vaqif müəllim, Sizi  ölkəmizin ədəbi-içtimai    mühiti, sözə dəyər  verən  oxucular  yaxşı   tanıyır.  Odur ki, Sizi  daha ətraflı təqdim    etməyi  doğru  saymıram Sadəcə  vurğulamaq istəyirəm ki,  Siz həm də  türk dünyasında tanınan, sevilən lirik, fəlsəfi şeirlərinizlə milyonlarla oxucunun rəğbətini qazanan bir şair, Azərbaycan ədəbiyyatı tarixində özünə məxsus  yeri olan elmi, tarixi və publisistik məqalələrlə  böyük nüfuz qazanan aydınımızsınız. Sizin  çox məhsuldarr yaradıcılığınız nəinki bizim, eyni zamanda türk qardaşlarımızın diqqətini cəlb edib və siz Türkiyə Cümhuriyyəti Uluslararası Elmlər Akademiyasının Fəxri Doktoru diplomu  və libası  ilə təltif edilmisiniz.Bu  gün də  tutduğunuz  istiqamətdə  yaradıcılığınızı davam etdirirsiniz.  Və bildiyiniz  kimi bu  il  Azərbaycanın böyük şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi möhtərəm cənab Prezidentimiz  İlham Əliyevin sərəncamına əsasən təntənə  ilə qeyd edlir.   Bax  bu  məqamda  Səməd Vurğunun yaşadığı o illərdə dövrünün rejim ədəbiyyatının xüsusiyyətləri barədə  nə deyə bilərsiniz?    

Vaqif Aslan  -  Özündən sonrakı bütün əsrlərdə müasir olan ədəbi şəxsiyyətləri-N. Gəncəvisi, Nəsimisi, Füzulisi, Xətaisi, M. Ə. Sabiri və başqaları ilə dünya ədəbiyyatında son dərəcə möhtəşəm bir yer tutan Azərbaycan ədəbiyyatı XX əsrdə də tarixi nüfuzunu alın yazısı kimi yaşamışdır. Bu mənada XX əsr poeziyamızın lirik, epik və dramatik səviyyəsinin az qala son həddi hesab edilən S. Vurğun yaradıcılığı artıq bir örnək, bir məktəb halına gəlmişdir.

On səkkiz ili (1900-1918) Avropa və Rusiyanın inqilabi ruhu ilə nəfəs alan — satirik, inqilabi-demokratik, dini-ruhani, romantik ədəbiyyata təkan verən, 23 ayı (1918-1920) ADR dövrü sayılan, 71 ili (1920-1991) sovet rejimi hesab edilən, 9 ili isə (1991-2000) milli müstəqilliyimizin bərpasına meydan açan  illərin - 1906-cı ilində təvəllüd, 1956-cı ilində vəfat edən Səməd Vurğun ömrünün 14 yaşından sonrakı 36 ili "formaca milli, məzmunca sosialist ədəbiyyat" şüarını başı üstə saxlayan sovet rejimi dövrünə düşmüşdür. Həzrəti Məhəmməd Peyğəmbərin: "Hər bir kəs valideynindən daha çox zəmanəsinin övladıdır fikrinə əsaslansaq, onda ədəbi şəxsiyyətlərin yaradıcılığına var olduqları zamanların ideoloji-siyasi, ədəbi-ictimai təfəkkür və düşüncə tərzindən baxmaq lazımdır. Bu — doğru... Bizim var olduğumuz dövr isə ədəbi şəxsiyyətlərin yaradıcılığına həm də öz qavrayış və idrakı səviyyəsində yanaşdığından analitik qiymətləndirmə — müasirlik (əlbəttə ki, daha geniş anlamda), millilik və ümumbəşərilik, həyat həqiqətlərinə sədaqət, ədəbi-bədii, milli-tarixi genetik kodları qorumaq baxımından dəyərləndirmə meyar kimi götürüldükdə S. Vurğun dünyası öz təkrarolunmazlığı və parlaqlığı ilə görünür və insanlarda belə bir fikir formalaşdırır ki, Səməd Vurğun Azərbaycan şeirinin poetic ruhudur. 

- Səməd Vurğunu bu gün də bizə sevdirən, bizim müasirimiz edən onun yaradıcılığının  hansı cəhətləridir?

Vaqif Aslan:  Bu gün iftixar hissi ilə etiraf etməliyik ki, Yaşar Qarayev demişkən: — "Azərbaycannamə" S. Vurğunda olduğu qədər heçbir kəsin yaradıcılığında özünün ən yüksək ədəbi-bədii ifadəsini tapmamışdır. "Könül və can birliyi "Vurğun və Azərbaycan" birliyidir, vətənə "elani-eşq" və vətənlə "əhdi-peymandır". Burada fəxrin, mütləq sevinc və xoşbəxtliyin poetikası vardır:

 

El bilir ki, sən mənimsən.

 

Bir belə aydınlıq içində aydınlığın özünün etirafı necə də tam aydınlığı ilə səslənir:

Yurdum, yuvam, məskənimsən.

 

S.Vurğunu bizim müasirimiz edən hər şeydən öncə onun lirikasıdır. O – böyük sevgilər, ilahi məqamlar, sinəyə sığmayan duyğular, həyəcanlar və sarsıntılar şairidir.

S.Vurğunun vətən lirikasında vətənə – "binələri çadır-çadır", qayaları baxar dinməz, qartalları göydən enməz, yaman gündə üzü dönməz" dağlara, ceyranlı-cüyürlü aran düzlərinə ruhun poetik uçuşu necə də heyrətamizdir. Adətən sevgidə izahat olmaz. S.Vurğunun izahatı isə o qədər sevdalıdır ki, oxucuya ruhi-ilahi təsir bağışlayır:

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana.

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim - günüm, obam sənsən.

 

Əlbəttə ki, belədir və buna şəkk-şübhə yoxdur. S.Vurğun əminlikdən gələn poeziyanın yaradıcısıdır.

O dövrdə bizim üçün Böyük Vətən müharibəsi hesab edilən II Dünya müharibəsi ərəfəsində ədəbiyyatın döyüş hazırlığı və qələbə ruhu S.Vurğunun "Vətənin keşiyində", "Ananın  öyüdü", "Şəfqət bacısı", "Partizan Babaş", "Ukrayna partizanlarına" və s. şerlərində öz əksini tapmışdır.

 

Bilsin ana torpaq, eşitsin Vətən!

Müsəlləh əsgərəm mən də bu gündən.

 

Bu sözlər Vətənə münasibətdə sonuncu vətəndaşa qədər hər bir kəsin sözü olacaqdır.

 

-  Səməd Vurğunun lirikası və lirik ricətlərindəki  “şeir  elə  şairin özüdür” demək olarmı?

Vaqif Aslan:Böyük fransız şairi Lui Araqonun çox səmimi bir etirafla "müasir dünya və sovet ədəbiyyatının iftixarı" adlandırdığı S.Vurğunun təbiət lirikası Azərbaycan təbiəti kimi rəngarəngdir — şeirimizin göyqurşağıdır. Orada vətən baharı öz nəzəndəliyi, işvəkarlığı, cilvəsi ilə ağlı və hissi "vəhdəti-vücud" səviyyəsinə qaldıran ilahi sevgilyə tərənnüm olunmuşdur. "Ceyran" şeirindəki müqəddəs yalvarış da elə buradan doğmuşdur:

 

Ovçu, insaf elə, keçmə bu düzdən,

O çöllər qızını ayırma bizdən.

Qoyma ağrı keçə ürəyimizdən,

Qıyma öz qanına boyana ceyran.

 

Bənövşə ətirli, sünbül qoxulu misralarda lalərəng çəmənlərin qan-qırmızı hüsnünə vurulmamaq mümkün deyildir. "Dağ döşünə çıxan quzuların mələrtisi, "tərlanın səsini əks edən suların" qığıltısı S.Vurğunun misralarının ahənginə, bölgü və qafiyəsinə çevrilir – təbiətin özündən gələn ritm sözlərin sehrini və cazibəsini yaradır.

S.Vurğunun təbiət lirikasında təbiətin, məhəbbət lirikasında isə talehin rəng və çalarları necə də aydın görünür. Bəlkə də elə bu S.Vurğun taleyinin qəribəliyidir ki, onun epik əsərlərində də, yeri gəldikcə, lirik sızıltılar ricətlər şəklində tez-tez təzahür edir:

 

Gecənin qoynunda ağlaşma səsi

İnsanı yandırır odsuz, ocaqsız.

Nədir kainatın bu faciəsi,

Yaşayanmı haqsız, ölənmi haqsız?

İnsanı yandırır odsuz, ocaqsız.

 

Vətən lirikasında vətən, təbiət lirikasında təbiət, məhəbbət lirikasında məhəbbət yaddaşını qoruyub saxlayan S.Vurğun şeiri vətən, təbiət və məhəbbət qarşısında ilahi bir vəcd və ehtirasla oxunan poetik dualar kimidir. Bu ovqat onun həm qoşmalarında, həm də qəzəllərində tam gücü ilə insanı duymağa və düşünməyə məcbur edən yaşantı səviyyəsindədir:

 

Meysiz, məzəsiz can ilə canan ola bilməz.

Sevda dediyin hər kəsə meydan ola bilməz.

 

Yaxud da:

 

Girdim Günəşin qoynuna, min bir səhərim var...

Bülbül də mənim, gül də...zimistan ola bilməz.

 

Azərbaycan məhəbbət lirikasının pozulmayan yaddaş səhifələrinə çevrilən nümunələr min ildən sonra da böyük sevgiyə ilahi ilhamla oxunan himnlərin ən yaxşıları olacaqdır.

 

Töküldü varağa sinəmin sözü,

Bu ana yurdumun ocağı, közü.

Ceyranın yerişi, durnanın gözü,

Kəkliyin ayağı yadıma düşdü.

 

 Və yaxud:

 

Aşıq Şəmşir, Dəli dağdan keçəndə

Kəklikli daşlardan xəbər al məni.

- Vaqif müəllim, Səməd Vurğun  yaradıcılığı çoxsahəlidir və onun müxtəlif  janrlarda yazdığı  şeirlərdə fəlsəfi  baxışlar necə ifadə olunur?

Vaqif Aslan:Yaxşıca yadıma gəlir ki, rəhmətlik Ə. Kürçaylı mənim S.Vurğuna həsr etdiyim bir şeirimlə tanış olan kimi böyük şairi üzbəüz görmədiyimi başa düşmüşdü. Çox səmimi şəkildə: – Belə demək olarmı? – deyib şeirimdə rədif kimi işlətdiyim "Səməd, ay Səməd" sözünə işarə etmişdi. Mən o zaman "Səməd Vurğun" sözünün nə qədər böyük olduğunu bir daha başa düşdüm və utandığımdan bu şeirimi heç bir kitabıma daxil etmədim. O şeirdə belə bəndlər var idi:

 

Dəli dağ dayanıb, yaz sinəsində,

Şəmşir də qocalıb, saz sinəsində.

Həsrət ürəyində, söz sinəsində...

Dindirən kövrəlir, Səməd, ay Səməd!

 

S.Vurğunun vətən, təbiət, məhəbbət lirikası onun fəlsəfi lirikasının genlərini təşkil edir. Buna görə də ömür, həyat və dünya fəlsəfəsi S.Vurğun şeirlərində öz genişliyi və dərinliyi ilə ağlımızın - idrakımızın heyrətinə səbəb olur:

Yerlərə baxıram - bağçalı, bağlı...

Göylərə baxıram - qapısı bağlı.

Söz həmişə cavan olduğu halda, söz sahibi şairin qocalması necə də təzadlıdır. "Şair, nə tez qocaldın sən?" sualı adi sual deyil, hətta şairin özünü də təəccübləndirən sualdır. Bu sual S.Vurğunu öyrənən və tədqiq edən böyük  Bəxtiyar  Vahabzadənin "əsil sənətkarın, əsil şairin özü qocalsa da, sözü qocalmır" qənaəti ilə sanki öz cavabını tapır. Bir halda ki, söz qocalmır, şair necə qocala bilər?

- Dediklərimiz Səməd Vurğunun poemalarında öz əksini  hansı səviyyədə tapır?

Vaqif Aslan:Bəli,deyə bilərəm ki, “Ölüm kürsüsü", "Aslan qayası", "Komsomol", "Aygün" kimi poemaların, "Vaqif", "İnsan", "Xanlar" kimi dram əsərlərinin müəllifi olan S.Vurğunun fəlsəfədən daha fəlsəfi olan poeziyasında əbədiyyətə çağırış praktik səciyyə daşıyır. Şair nəinki poetik yaradıcılığı ilə, həm də cismani varlığı ilə əbədiyyət simvolu olmaq istəyir. Ömrün və taleyin təzadlarını şeirin dili ilə açmağa cəhd edir. Bu təzadı vaxtı ilə mən özüm S.Vurğunun ev muzeyində yaşamışam. Tüfəngi ilə sazını yanaşı görmüşəm. Kövrəlmişəm və yazmışam:

 

Deyirdin bu dünya qoca dünyadır,

Qış bir tərəfdədir, yaz bir tərəfdə.

Qəlbində yaşatmaq, yaratmaq odu,

Dolan bir tərəfdə, qaz bir tərəfdə.

 

Elə növbələşib gecəylə, gündüz,

Bəzən bu hikməti duymayırıq biz.

Bəzən də əyləşir səssiz-səmirsiz,

Əyri bir tərəfdə, düz bir tərəfdə.

 

Özün demədinmi, özün, ey ustad?

"Cahan daimidir, ömür amanat".

Səndən də yadıgar qaldı bu təzad,

Tüfəng bir tərəfdə, saz bir tərəfdə.

 

Bu da bir həqiqətdir ki, həqiqətlərdən qaça bilmirik. Elə S.Vurğunun özü demişkən:

 

Nemətsə də gözəl şeir

Şair olan qəm də yeyir.

 

və ya

 

Saç ağardı, fəqət nə qəm?

Əlimdədir yenə qələm.

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlki tək.

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də vətən:

– Şair, nə tez qocaldın sən?

 

Ç.N S.Vurğunun  eyni adlı  əsərinin motivləri əsasında necə oldu  ki,  sizin “Vaqif” faciəsi ərsəyə gəldi?

Vaqif Aslan: Mənim mərhum dostum, respublikanın əməkdar artisti. Moskvada “Derviş” teatrının təsisçisi və baş rejissoru Mərdan Feyzullayev 2015-ci ilin ortalarında mənə həm telefon, həm də kompüter vasitəsilə gözlənilməz bir təklif etdi. O, Səməd Vurğunun "Vaqif" pyesini yeni motivlər üzrə tarixi faktlara əsaslanan məzmunlu mətnlə səhnəyə qoymaq istəyirdi. Düzü, bu təklifdən şaşırdım. Bu sadə iş deyildi. Qanadlı poeziyamızın az qala son həddi hesab etdiyim Səməd Vurğun şerinin poetik ruhuna xələl gələcəyindən qorxurdum. Mərdan isə məni ruhlandırırdı. Belə razılaşdıq ki, o, yeni motivlər olacaq səhnələri necə görmək istəyirsə, onları nəsrlə təsvir etsin, mən də şeirə çevirim. Göndərdiyi hissələrlə tanış olduqca belə bir qənaətə gəldim ki, Mərdan "Qarabağnamə"ləri dəfələrlə sətir-sətir oxuyub, mühakimə və müqayisə süzgəcindən keçirmişdir.

İşə başladıq... Bir ilə yaxın bir müddət beləcə keçdi. 2016-cı ilin yanvar ayının əvvəllərindən etibarən gəlib Şəki Dövlət Dram Teatrının qonaq otağında yerləşən Mərdan  Feyzullayev   "Vaqif" pyesi üzərində gərgin və fasiləsiz işə başladı. İlk dəfə idi ki, Şəki Dövlət Dram Teatrının aktyorları nəzm ilə tamaşa göstərəcəkdilər. Demək olar ki, hər gün görüşürdük. 

İşin daha bir üstün və ümidverici cəhəti onda idi ki, aktyorların çoxu Mərdanın keçmiş dostları idilər. Aktyorlardan Respublikanın Xalq artistləri Xanlar Haşımzadənin, Əbülfət Salahovun, Akif Yusifovun, Aydın Əlibalayevin və başqalarının işə dərin bir məsuliyyətlə yanaşmaları Mərdana olan hörmət və sevginin təzahürü kimi özünü göstərirdi. Nəhayət, gözlənilən gün gəlib çatdı. 2016-cı ilin 12 mart günü necə də həyəcanlı idi...

Premyeraya Səməd Vurğunun gəlini – mərhum Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım Vəkilova-Babayeva, Səməd Vurğunun nəvəsi – Yusif Səmədoğlunun qızı gəlmişdilər. Tamaşa qeyri-adi bir həyəcanla və sürəkli alqışlarla başa çatdı. Səməd Vurğun ocağının gəlini Nüşabə xanım Vəkilova-Babayevanın sevinc yaşları heç vaxt mənim yadımdan çıxmayacaqdır. O, aktyor heyətinə, xüsusilə rejissor Mərdan Feyzullayevə və mənə minnətdarlığını elə bir səmimiyyətlə bildirdi ki, o səmimiyyətə   baş  əyməmək mümkün deyildi.

 

Ç.N:  Vaqif müəllim, maraqlı müsahibəyə görə sizə dərin təşəkkür  edirəm. Səməd Vurğunun xeyir-dualı ruhu  həmişə sizin başınız  üzərində  olsun.

 

 

Çingiz Nağıyev,

“Qızıl qələm” mükafatı laureate, Şəki

 

vv