Tapdıq ƏLİBƏYLİ - Ü Z E Y İ R H A C I B Ə Y L İ - 141

Ədəbiyyat 09:32 / 19.09.2026 Baxış sayı: 201

“Çahargah”da həyacanım,

Damarımda coşur qanım.

Göz önündə dağ-aranım…

Bu səs mənə tanış gəlir.

“Bayatı–Şiraz” - qəm səsim,

İtirib kimi kimsəsin.

Dağlı sinələr dinləsin…

Bu səs mənə tanış gəlir.

“Şüştər”imdə dərin kədər,

Oxu, boğur məni qəhər.

Çəkilən ah getməz hədər…

Bu səs mənə tanış gəlir.

“Humayun”da kədər gəzir,

Dərdlə ürək oldu canbir.

Ay oxuyan, nədir bu sirr?

Bu səs mənə tanış gəlir.

“Segah”ımda məhəbbət var,

Duyğularım sığallanar.

Qənşərimdə mələk durar,

Bu səs mənə tanış gəlir.

“Rast”da mərdlik əhvalı var,

Dilləndikcə simlərdə tar.

Zirvələnib səs ucalar,

Bu səs mənə tanış gəlir.

“Şur” şən ovqat sədasıdır,

Könüllərin sevdasıdır.

Ruhum səslə doyasıdır…

Bu səs mənə tanış gəlir.

Səs selində yüngülləşdim ,

Artdı qəlbdə Tanrı eşqim.

Bəlkə, səslə izə düşdüm…

Bu səs mənə tanış gəlir.